Elvin Cəfərquliyevin «Qarabağ»ın əsas komadasından uzaqlaşdırılmasından 2 aydan artıq vaxt ötür.
«Şamaxı» ilə qolsuz bitən səfər matçından sonra əyləncə təşkil etdiyi üçün Qurban Qurbanovun qəzəbinə tuş gələn müdafiəçinin bağışlanmayacağı artıq dəqiqdir.
Baş məşqçi indiyədək nizam-intizam kodeksini dəfələrlə pozmuş sol cinah oyunçusunu əfv etməyəcəyini birmənalı şəkildə rəhbərliyin diqqətinə çatdırıb.
Səbəbkara icazə verilib ki, başqa komandalarla danışıqlar aparsın. Müqaviləsi gələn ilin yayında bitəcək yığma üzvünə maraq böyükdür - hər halda mediada bir və ya bir neçə belə xəbər yayılır.
«Neftçi»dən tutmuş ta «Trabzonspor»a, «Panatiniaikos»a kimi. Fəqət, «Qarabağ»a bugünədək heç bir rəsmi müraciət daxil olmayıb.
Səbəb yalnız təzminatla bağlı deyil. Cəfərquliyevin şəxsinə aid tələbi potensial müştəriləri «hürküdür».
O, özünə görə illik 1 milyon avro istəyir. Müxtəlif menecerlər müdafiəçinin adından xarici klublara belə bir məlumat verib.
Mümkün namizədlər də bunu çox hesab edir, «köhlən atlar»la danışıqlara girmirlər.
Gözləyirlər ki, həm futbolçunun özü, həm də «Qarabağ» malliyyə şərtlərinə güzəştə getsin.
SPORTİNFO.AZ

