"Strasburq" Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovu bəyənib.
Bunu Sportinfo.az-a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Funksioner bildirib ki, Fransa klubu onlara yarımmüdafiəçinin keyfiyyətləri barədə atletik performans testlərini göndəriblər:
"Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb.
Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır.
Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq.
Sevindirici haldır ki, Əli fransızların xoşuna gəlib, gələcəyinin olduğunu deyirlər. Mümkündür ki, Əliylə indidən müqavilə bağlayıb, elə "Qarabağ"a icarəyə versinlər.
Ən azı, 18 yaşınadək belə ola bilər. Hər şey qarşı tərəfin irəli sürəcəyi təkliflərdən və şərtlərdən asılıdır.
Bəlkə elə təklif irəli sürəcəklər ki, heç bizim klubun rəhbərliyi qəbul etməyəcək?Düşünürəm ki. bir az gözləmək lazımdır".
Əli Bəşirov "Strasburq"da keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub.
Bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.

