“Hakimləri tamamilə robot qismində idarə etmək istəyirlər”

“Hakimləri tamamilə robot qismində idarə etmək istəyirlər”

"Hakimlər DÇ-2026-ya yüksək səviyyədə hazırlaşıblar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında FIFA referisi Fariz Yusifov deyib.

Mütəxəssis ABŞ, Kanada və Meksikada keçirilən mundilada idarəçilik zamanı hakimlərin epizodlara yaxın olmağa çalışdıqlarını bildirib:

"Hakimlər turnirə yüksək səviyyədə, bir ay əvvəldən hazırlaşıblar. Onlar üçün çox yaxşı vəsait də ayırılıb. Hətta ədalət təmsilçilərini tamamilə robot qismində idarə etmək istəyirlər. Oyundakı müəyyən epizodları hərəkətdə ola-ola hakimlərin gözü ilə görməyi hədəfləyirlər. Ona görə də hakimlər epizodlara çox yaxın olmağa çalışırlar. Hətta matçların birində top hakimə də dəydi. Bu, təlimatların epizodlara yaxın olmaq tələbindən irəli gəlir ki, kameralar vasitəsilə hər şey aydın görünsün".

Referi Əlcəzairlə oyunda Argentina yığmasının futolçusu Lionel Messinin qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu söyləyib:

"Messi ciddi qayda pozuntusuna yol verdi. Rəqib futbolçunun ayağına arxadan zərbə birmənalı qırmızı vərəqəlik epizod idi. Avropadan olan hakimlərin buna niyə göz yumduğunu anlaya bilmədim. Ümumilikdə isə hər şey yaxşıdır".

Qadın hakimlərin idarəçiliyinə də toxunan F.Yusifov müasir futbolda texnologiyanın rolunun artdığını bildirib:

"Futbolda hakimin qadın və ya kişi olması əsas deyil. Əsas meyar obyektivlik və texnologiyadan düzgün istifadə edərək oyunu idarə etməkdir. FIFA da bir yenilik və reklam xarakterli eksperiment etmək istəyir. Matçların birində qadın hakim oyun idarə etdi və bu, yaxşı alındı. O, 11 metrlik cərimə zərbəsi də təyin etdi".

O, qarşılaşmalarda verilən su fasilələrinin oyunun dinamikasına təsirini önə çəkib:

"Bu fasilələr oyunun ortalarında verilir. Hakimlik dönəmində oyunu təhlil edərkən onu 3 hissəyə bölürdüm. İlk 15 dəqiqə sürətli başlaya bilər, ikinci 15 dəqiqədə sönük oyun keçər, son 15 dəqiqədə isə intensivlik arta bilər. FIFA bəlkə də su fasiləsini tətbiq etməklə düzgün addım atıb. Fasilə 3 dəqiqə çəkir. Əlavə vaxt olaraq da 5 və ya 6 dəqiqə artırılır. İlk 15 dəqiqədən sonra temp aşağı düşəndə futbolçulara su fasiləsi ilə rahatlıq verilir. Fasilədən qayıdandan sonra isə hissənin sonuna qədər oyunda intensivlik və sürət xeyli artır. Belə düşünülübsə, bu qərara heç bir etiraz yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!