Tezliklə "Neftçi"də nə kimi dəyişikliklər gözlənilir?

5 May 01:00 Neftçi 702
Tezliklə "Neftçi"də nə kimi dəyişikliklər gözlənilir?

"Qərarın nəyə görə verildiyini başa düşürəm. Bunların hamısı bizim sağlamlığımız üçündür, xəstəliyin pis fəsadları ola bilər. Amma futbol prizmasından yanaşanda bizim üçün çox çətin oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.

43 yaşlı mütəxəssisin sözlərinə görə, mayın 5-də məşqlərə başlaya biləcəklərinə dair xəbər yayıldıqdan sonra onlarda mayın 23-də Premyer Liqanın başlayacağına ümid yaranıb. Lakin karantin rejiminin uzadılması həm futbolçularda, həm də məşqçilər heyətində ruh düşkünlüyünə səbəb olub.

O, tezliklə məşqləri bərpa edəcəklərinə, çempionatın qaldığı yerdən davam edəcəyinə və hər şeyin idman prinsipləri əsasında müəyyənləşəcəyinə inandığını vurğulayıb.

Məmmədov paytaxt təmsilçisinin karantin rejimini pozaraq məşq etməsi iddialarına da münasibət bildirib: "Nəinki Baqali Dabo, heç bir futbolçumuz karantin rejimini pozmayıb.

Çünki komandada heç kim biz məşqlərin dayandırılması ilə bağlı bəyanat verdikdən sonra bazaya ayaq basmayıb. Hər kəs öz imkanı daxilində evində məşq edib. Xüsusi karantin rejiminə keçməmişdən öncə parklarda məşq etmək olurdu. Oyunçular çalışma videolarını mənə göndərirdilər.

Bəziləri parklarda, bəziləri isə evinin yanındakı hansısa sahədə məşq edirdi. İndi isə evdə hazırlıq keçirlər. Çoxunun evində qaçış üçün aparat var. Dabo özü də bildirdi ki, video çoxdan çəkilib. Bir daha demək istəyirəm ki, heç bir oyunçumuz karantin rejimini pozmayıb".

Baş məşqçi klubla müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamaq istədiklərini, lakin karantin rejiminin uzadılmasının buna mane olduğunu deyib:

"Məşqlərə başlayandan sonra futbolçularla bu barədə görüşlər keçirmək istəyirdik. Lakin bu, karantin rejimi uzadıldığı üçün baş tutmadı. Hazırda çempionatın taleyi ilə bağlı qərarsızlığa görə qalmışıq.

Futbolçular da bilirlər ki, qərarı gözləyirik. Qərar çıxandan sonra bütün oyunçularla danışıqlar olacaq. Komandada saxlamaq istədiyim futbolçular da var. Heyətimizdə böyük dəyişiklik olmayacaq.

Müqaviləsi bitən və komandada qalmasını istədiyimiz oyunçularla danışacağıq. Ad açıqlamağım düzgün olmaz, amma ümumi onu deyə bilərəm ki, "Neftçi"də böyük dəyişiklik olmayacaq".

Məmmədov legionerlərin hazırkı durumu barədə də fikirlərini bölüşüb. O, ailələrindən uzaq olanların istər-istəməz darıxdığını bildirib: "Mən də futbolçu olduğum dönəmdə legioner həyatı yaşamışam.

Bilirəm ki, bu, çox çətindir. Amma əksəriyyətinin ailəsi yanındadır. Ailəsi uzaqda olanlar isə daim onlarla danışırlar. Darıxmaları normal haldır. Ümid edirik ki, karantin rejimi götürüləcək və onlar ailələrinin yanına gedə biləcəklər".

Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda, ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqaları və UEFA-ya məlumat verməlidirlər. Azərbaycanda karantin müddəti mayın 31-dək uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?