Dabodan böyük yalan!

2 May 2020 17:16 Neftçi 1 178
Dabodan böyük yalan!

"Neftçi"nin karantin rejiminin qaydalarını pozaraq komanda şəklində məşqə çıxmasını əks etdirən videonu 2 gün əvvəl Sportinfo.az ortaya çıxarmışdı.

Sonradan məlum oldu ki, məlum videonu "Neftçi"nin fransalı legioneri Baqali Dabo da öz instaqram hesabında paylaşıb. Yalnız saytımızda gedən xəbərdən sonra o, videonu sildi. Bununla da kifayətlənməyib təkzib statusu yazdı.

Statusun məğzi isə belədir: “Gördüm ki, bir media orqanı statusumda yayımladığım videonu paylaşdı. Bu video karantin müddətindən əvvəl qeydə alınıb. Bunun klubuma pis təsir edə biləcəyini gördüm. Buna görə bu yazını sizinlə bölüşməyə qərar verdim. Bir daha deyirəm ki, məşqdən paylaşdığım video karantin tətbiq olunmazdan əvvəl çəkilib. Uzun müddətdir ki, futbolsuz qalmışam və məşqlər, matçlar üçün çox darıxıram. Hər kəsi əmin etmək istəyirəm ki, 1 aydan çoxdur məşq bazamıza baş çəkməmişəm".

İndi bu açıqlamaya cümlə-cümlə dərindən, lap elə dayazdan diqqət etsək, böyük yalanlar görmüş olacağıq

- Gördüm ki, bir media orqanı statusumda yayımladığım videonu paylaşdı.

Ay Dabo, sənə bu statusu yazdırana de ki, bir mətbu orqan yox, Sportinfo.az saytı!

- Bu video karantin müddətindən əvvəl qeydə alınıb.

Daha çox gizli çəkli oxşayan bu video karantindən əvvəl niyə, hansı məqsədlə çəkilsin axı? Cavab çox maraqlıdır ...

- Bunun klubuma pis təsir edə biləcəyini gördüm"

Dəqiq bunu özün fikirləşdin ki, bu video klubuna çox pis təsir edə bilər? Yoxsa sənə təsir edənlərin təsirindən bu təsirə düşmüsən?

- Buna görə yazını sizinlə bölüşməyə qərar verdim.

Bu yazını dəqiq izləyicilərinlə bölüşməyə qərar verdin, yoxsa sənin vasitənlə təkzib yolunu seçən rəhbərliyə oyuncaq rolunu oynadın?

- Bir daha deyirəm ki, məşqdən paylaşdığım video karantin tətbiq olunmazdan əvvəl çəkilib.

Karantindən əvvəl özünlə bağlı çəkilən hansısa bir video yox, niyə məhz bu 3 saniyəlik video paylaşılsın axı? Qəribə mənzərədi ...

- Uzun müddətdir ki, futbolsuz qalmışam və məşqlər, matçlar üçün çox darıxıram.

Məşqlər, oyunlar üçün darıxmısan deyə bu videonu paylaşmısan? Görəsən, bu videoda darıxmağa mane olan, keçmiş məşqləri, oyunları xatırladan hansı nüanslar var ki, biz onu görə bilmirik.

Dabo, özün də hücumçusan. Hücumçu darıxanda keçmiş oyunlarda fərqlədiyi qolları paylaşar, qazandığı zəfərləri paylaşar. Özü ilə bağlı hansısa məşq videolarını paylaşar. Daha niyə gedib hansısa 3 saniyəlik belə bir videonu paylaşsın ki? Həqiqətən, özün dediklərinə özün inanırsanmı?

"Neftçi" böyük klubdur. Belə böyüklükdə klubda oynayıb böyüməyi bacarmasan da, deyəsən, "Neftçi"dən də böyük yalanlar öyrənməyi mahircə bacarmısan ...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda