"Neftçi" rəhbərliyinin İÇ-ÜZÜnü açan SON FAKT

27 Mart 2020 11:48 Neftçi 1 278
"Neftçi" rəhbərliyinin İÇ-ÜZÜnü açan SON FAKT

Koronavirusa qarşı mübarizəyə Dəstək Fondu bir neçə gündür yaradılıb.

Ölkə prezidentinin sərəncamı ilə ərsəyə gələn Fonda yardım kampaniyası gündən-günə genişlənir. Minlərlə hüquqi və fiziki şəxs dövlət başçısının çağırışına qoşulub, bu xəstəliklə mücadiləyə bacardığı qədər kömək olur,

Futbol ailəsi cəmiyyətimizin bir üzvüdür və respublikanın daxili həyatını yaxından narahat edən problemdən kənarda qala bilməz.

Təəssüf ki, illik büdcəsi 25 milyon manatı aşan AFFA, eləcə də, klubların əksəriyyəti bugünədək səssizlik içindədir, yardım kampaniyasındsa iştirak eləmir.

Elxan Məmmədovun tamamilə nəzarəti altına keçirdiyi federasiya və Premyer Liqa təmsilçiləri, deyəsən, boş-boş top çiləməkdən, quru-quru «evdə qal, sağlam qal» söyləməkdən başqa heç nə bilmir.

Fonda dəstək aksiyası gündəmə gələndən, sanki qurbağa gölünə daş atılıb, biri də başını qaldırıb, «mən də varam» demir. «Al mola» belələrinə deyilir.

Ortada yeyib, qıraqda gəzənlər Qurban Qurbanovdan, «Qarabağ»ın futbolçularından utanmalıdırlar. Ağdam klubunun çalışdırıcı Fonda 20000 manat, oyunçuları isə 50000 manat köçürüb.

Hər birimiz «Neftçi»nin bu məsələdə qabağa düşəcəyini gözləsək də… Heyhat, yenə yanıldıq! İdman direktoru Ceyhun Sultanovu nəzərə almasaq, «ağ-qara» düşərgənin tamamilə qəflət yuxusundan ayılmaması üzücü məqamdır.

Sultanov 1000 manatı Fonda öz adından köçürüb və deməli, bunu yalnız bir vətəndaş kimi edib, «Neftçi» ailəsinə heç bir dəxli yoxdur.

Klubun press-ağeşesi Rüstəm Allahverdiyev əməkdaşımıza bildirib ki, martın 29-dək, yəni, qeyri-rəsmi iş günləri bitənədək bu yöndə hər hansı yenilik gözlənilmir. Yalnız o tarixdən sonra idarəçilər bir araya gələcək və məlum olacaq ki, «Neftçi» dəstək aksiyasına qoşulacaq, ya yox.

Flaqmanlıq belə olmur, cənablar! «Neftçi» xalqın komandasıdır və istər Kamran Quliyev, istərsə də çevrəsindəkilər bu çətin döənmdə xalqın və dövlətin yanında olmağa borcludur. Bu, onların mükəlləfiyyətidir, oturub Elxan Məmmədovdan əmr gözləməməlidirlər ki, Fonda pul köçürək, yaxud köçürməyək.

Quliyev «Neftçi»dən hər ay 20000 manat alır. 2018-ci ilin fevralın 16-da «Sumqayıt»ı «atıb», «Neftçi»ni «tutan» Kamran bəy bu müddətdə yarım milyon manata yaxın pul qazanıb.

Olmasın 1 ayın maaşı – üzüyünün qaşı düşəcək, yoxsa kasıblayacaq?

Gündəlik ünsiyyətdə olanlar, yaxından tanıyanlar Quliyevi mətbuata futbolumuzun «Hacı Qara»sı kimi tanıdıb. Bunu bilirdik, amma etiraf edirik ki, buqədərini bilmirdik. Özü bir yana, «Neftçi»nin adına ayıb oldu bu kölgədə qalmaq.

«Neftçi» rəhbərliyi, heç olmasa, «Qarabağ»ın Fonda yardım köçürdüyü gün yerindən tərpənməli idi.

Artıq anlayırsız ki, «Neftçi» niyə son 5-6 ildə daim «Qarabağ»ın kölgəsində qalır? Bu klubda birlik, sözü bir yerə qoymaq, vahid cəbhədən çıxış etmək ənənəsi qalmayıb. Sadıq Sadıqovun zamanında nə varıydısa, hamısı növbəti illərdə bir-bir yoxa çıxıb.

Bir hadisə barədə oxucularımızı məlumatlandırmaqda yarar var. Qoy, ürəyi «Neftçi» ilə döyünən azarkeşlər də bunu bilsin. Deməli, ötən ilin yanvarında evi oğurluğa məruz qalan Ceyhun Sultanova külli miqdarda ziyan dəyir.

İki-üç futbolçu ondan xəbərsiz pul toplamaq istəyir, lakin komandanın bir çox üzvləri hətta 200-300 manat verməkdən imtina edir. Nəinki legionerlər, heç yerlilər də idman direktoruna kömək əli uzatmağa razılaşmır.

Belədə, heç 3000-4000 manat pul yığılmır və sonda kapitan Emin Mahmudov əldəki məəbləği öz sahiblərinə qaytarmalı olur.

Siz deyin: əlavə şərhə ehtiyac varmı indi..?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti