"Neftçi"də barışıq: "Ya vəzifəni yerinə yetir, ya da təhvil ver" - VİDEO

9 Mart 2020 12:30 Neftçi 1 409
"Neftçi"də barışıq: "Ya vəzifəni yerinə yetir, ya da təhvil ver" - VİDEO

"Sabah"la oyundan sonra jurnalistlərin azarkeşlərlə bağlı sualına "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov belə cavab verdi: "Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı".

Burada söhbət xeyli müddətdir Emin Mahmudovla azarkeşlər arasında davam edən "soyuq müharibə"dən gedir.

Deyəsən, artıq "buzlar" əriməyə başlayıb. Kapitan hər dəfə komandanı azarkeşlərin yanına aparırdı. İndisə vəziyyətin belə olmaması müzakirə obyektinə çevrilib.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev azarkeşlərlə heç bir problemlərinin olmadığını bəyan edib: "Emin şəxsən “Forza Neftçi” ilə görüşüb, onlar məşqə gəlmişdilər. Onun getməməsi ilə bağlı azarkeşlərə deyilib. “Forza Neftçi” deyib ki, siz qalib gəlin, yanımıza gəlməsəz də, olar. Eminlə azarkeş arasında şəxsi məsələ idi və qaydasına qoyulub".

"Neftçi" tərəfdarları ilə Emin Mahmudov arasındakı narazılıq keçən mövsümdən yaranıb və "Qarabağ"la son derbidə (0:0) pik nöqtəyə çatıb. Oyundan sonra nə kapitan, nə də komanda yoldaşları "Forza Neftçi" olan tribunaya yaxınlaşdı.

Paytaxt təmsilçisinin azarkeşləri kapitan Emin Mahmudovu tənqid ediblər. “Forza Neftçi” fanklubunun üzvləri futbolçunun çağırışlarına gəlməməsinə kəskin etirazlarını bildiriblər.

Baş verənlərdən hiddətlənən azarkeşlər daha sonra Mahmudova yaxınlaşaraq, ona sərt iradlarını bildiriblər: "Kapitansan və özün gəlməsən belə, komandanı yanımıza göndərmək sənin borcundur. Ya vəzifəni yerinə yetir, ya da şərəfli bazubəndi təhvil ver".

Yalnız bundan sonra Emin azarkeşlərlə barışmasa da, onların tələbləri ilə razılaşıb. Yarımmüdafiəçinin incikliyinə səbəb isə bir qrup fanatın onu "Neftçi"yə can yandırmamaqda suçlaması, ünvanına sosial şəbəkələrdə xoşagəlməz iddia/ifadələr işlətməsidir.

Mahmudov bütün bunları özünə təhqir kimi qəbul etdiyindən, indi iki ayağını bir başmağa dirəyib və "Forza"dan küsüb. Halbuki bir neçə nəfərin fikrini bütün azarkeşlərin mövqeyi kimi qiymətləndirmək olmaz.

"Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev Sportinfo.az-a açıqlamasında Emin Mahmudovla görüşdüklərini və hər şeyə aydınlıq gətirdiklərini bildirib. Lakin o, bu barədə ətraflı açıqlama verməkdən imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi