"Neftçi"ni peşman etməklə iş bilmir, Rauf!

3 Mart 2020 12:30 Neftçi 1 414
"Neftçi"ni peşman etməklə iş bilmir, Rauf!

Haqq üzülər, amma üzülməz - Rauf Əliyevin «Səbail» adına son dəqiqələrdə vurduğu bərabərlik qolunu izləyincə, bu deyim gəlib-keçdi beynimdən.

«Neftçi»də ona qarşı düzgün davranmadılar, doğru münasibət göstərmədilər.

Tez – iki dövrəyə sildilər hesabdan. Qismətə baxın, «Səbail»ə görə üstündən xətt çəkmişdilər. İlk dövrənin son turunun axır dəqiqələrində boş qapını başla dəqiq nişan ala bilməməsinə görə.

Və o «Səbail»lə dönüş edib, üstündən xətt çəkənləri məyusluq içində boğdu. Stadione həmin stadion. Qapı həmin qapı. Dəqiqə həmin dəqiqə.

Bu dəfə başla boş qapıya düşə bildi.

Qoldan sonra dəliyə döndü, sevincdən divanə oldu. Gün onun günü idi. Nə arzulamışdısa, kamına çatdı, Füzuli Məmmədov və Ceyhun Sultanova mesajını göndərdi. «Bir-iki nəfər var idi, cavablarını verdim» dediyi şəxslər onlardır.

Raufun yolu iki dəfə «Nefitçi»dən düşüb və hər dəfəsində xəyal qırıqlığı yaşayıb. Gec gəlib, tez gedib. Gərək yayda «Qəbələ»dən sonra «Neftçi»yə dönməzdi, seçimini başqa klubdan, məsələn, «Səbail»dən yana edəydi.

Onda udardı. Oyun praktikası qazanar, qollarını vurar, milliyə qapısı açılardı. 10 min manatın istisinə xumarlanmağa tələsdi və növbəti kəs yanıldı.

«Neftçi». Raufun özünü suda balıq kimi hiss edəcəyi komanda olmadı. Nə Arif Əsədov oynada bildi onu, nə də Roberto Bordin. Özü də bunun üçün az cəhd göstərdi. Qaynayıb-qarışmadı, şansını zəif dəyərləndirdi.

Bayramdan-bayrama fərqləndi, ayağına gələn fürsətləri başıyla qovdu özündən, uzaqlaşdırdı. İstənilmədiyini anladığı kollektivdə onu saxlayan pul idi, axırda bunda da haqqına girdilər, payına düşənin heç yarısını vermədən göndərdilər.

«Səbail» Raufun son imtahan otağıdır. Ya burada futboluna ağız büzənlərin cavabını verəcək, ya da 5-10 qəpik üçün tindən-tinə dəyəcək.

Gerisi hekayədir, oturub özü üçün nəticə çıxarsın. Papağını qarşısına qoyub, etdiyi səhvləri incələməli, pulu bir müddət unutmalıdır, gücü çatarsa, birdəfəlik unutmalıdır.

Vaxtilə az qazanmayıb, indi fikirləşməlidir ki, nəhayət, futbol da ondan nəsə qazanmalıdır. Heç olmasa, «Səbail»i peşman etməməlidir, qatqı verməlidir.

Bəsdir, adının kölgəsində fırlandığı.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!