"Neftçi"nin prezidenti: "Mən AFFA-nın baş katibi olmaq istəyirəm"

25 Fevral 2020 14:36 Neftçi 2 120
"Neftçi"nin prezidenti: "Mən AFFA-nın baş katibi olmaq istəyirəm"

Kamran Quliyev 2017-ci ilin əvvəlindən «Neftçi»nin prezidentidir.

Bir gecənin içindən «Sumqayıt»dan paytaxt klubunun rəhbərliyinə gətirilən keçmiş «telekabelşik» aylardır ki, Sportinfo.az-a «müharibə» elan edib.

Bizə bəllidir ki, bu, sırf onun öz istəyi ilə olmayıb. «Şüşəbənd»dən aldığı tapşırığı yerinə yetirməyə məcburdur. Neçə dəfə ona müraciət ünvanlamışıq, sorğu göndərmişik ki, suallarımızı cavablandırsıın. Tapılmayıb, reaksiya verməyib.

Baxmayaraq ki, Kamran bəy saytımızın dəyişməz oxucusudur, onunla əlaqə yaratmaq çətindir, yayınır. Klubun prezidentinə Sportinfo.az-a danışmağa qadağa qoysalsar da, bilirik ki, ürəyi necə doludur. Biz də bunu nəzərə alıb, onunla virtual söhbətləşdik.

- Salam, xoş gördük, Kamran müəllim!
- Salam.

- Klubda işlər necə gedir indi?
- İndidən söhbət gedirsə, əhval-ruhiyyəmiz düzəlir yavaş-yavaş. Komandamız iki turdur qələbə qazanır və bu, əlbəttə ki, bizi çox sevindirir.

- Məqsədiniz dəyişməyib ki?
- İştah diş altındadır. Bildiyiniz kimi, yayda hər yerdə açıqlama verib, çempionluq uğrunda mübarizə apardığımızı demişdim. Mən bu gün də sözümün ağasıyam. Düzdür, hazırda turnir cədvəlində «Qarabağ»ın altındayıq, lakin mən inanıram ki, minimum ikinci yeri götürəcəyik.

- Roberto Bordinin göndərilməsi çox uzun çəkdi. İtalyan baş məşqçi özünü lap «irinli diş» kimi apardı.
- Deməyin daha… Onu yola salmaq üçün çox əziyyət çəkdik. Getmək istəmirdi. Gözünü pul örtmüşdü. Bəlkə mən də onun yerində olsaydım, müqaviləni birtərəfli pozmazdım. Çox pulgir adammış. Son qəpiyinə kimi pulunu istədi. Biz indinin özündə də ona hər ayın əvvəli təzminat ödəyirik.

- Nə vaxt başa düşdüz ki, Bordin «Neftçi»yə layiq mütəxəssis deyil.
- Açığı, «Neftçi»yə deyə bilmərəm, amma bizlik məşqçi olmadığı dəqiqdir. Mən onu Ceyhun Sultanova inanıb, bura dəvət etmişdim. İlk vaxtlar özünü yaxşı aparırdı, sözə qulaq asırdı. Sonra gördük ki, idman direktorunu, futbolçuları incidir.

- Nə mənada?
- Biz ilk gündən razılaşmışdıq ki, o, transfer məsələlərinə qarışmayacaq. Yəni ki, idman direktoru siyahı verəcək, Bordin də onlar arasında seçim edəcək. Bir də baxdıq ki, bunun da öz siyahı var, onları komandaya dürtmək istəyir. Belə deyim də, Ceyhun müəllimə mane olmağa bakşlamışdı. Həm də ki, futbolçularla yola getmirdi. Onlar bir yana, heç öz köməkçiləriylə dil tapmırdı. Elə gün olmurdu ki, Füzuli Məmmədov gəlib ondan bizə şikayət etməsin.

- Bu gün isə Füzuli Məmmədov komandanın baş məşqçisidir…
- Mətbuat yazır ki, biz Füzulini Ceyhun müəllimin qohumu olmasına görə bu vəzifəyə təyin etmişik. Düzdür, onlar yaxındır, aralarından su da keçmir. Ancaq əsas səbəb bu deyil. Füzulinin Bordinin getməsi üçün göstərdiyi xidmətləri nəzərə almaya bilməzdik. İndi də komandanı tapşırmışıq ona, başını aşağı salıb işləyir. Sağolsun, nə deyirik, edir. Bordin burda olanda Ceyhun Sultanovu hər gün qışqırdırdı. Ay balam, adam necə yalançı ola bilər axı… Gəlirdi idman direktorunun yanına, sabahkı oyunu müzakirə edirdi, heyət və taktika barədə soruşurdu. Çıxanda deyirdi ki, gedib siz deyəni edəcəm. Oyundan 2 saat qabaq isə görürdük ki, öz bildiyini edib. Yaxşı, məsləhət lazım deyildisə, niyə Ceyhun müəllimi yatmağa qoymurdun işdə? Arada tez-tez SOCAR-a qaçırdı, bizdən «donos» verirdi. Şikayətlənirdi ki, guya işinə qarışırıq. Ay tövbə! Ceyhun müəllimin işi çox olsa da, Bordinə həftəlik məşq proqramı verirdi ki, get, komandanı hazırlaşdır. Biz məşq meydançalarına kamera da quraşdırmışdıq ki, məşqin gedişinə nəzarət eləyək. Hərdən özüm də gpedirdim məşqə baxmağa. Onunla arası saz olan bəzi legionerlər heç gəlib mənə salam da vermirdi. Özlərini elə aparırdılar ki, klubun prezidenti başqadır, mən isə sanki topdaşıyanam.

- Yəqin ki, Füzuli Məmmədov belə eləməz.
- Yox, nə danışırsız?! Heyf deyil Füzuli… Elə bir məsələ yoxdur ki, bizdən məsləhət almasın və etməsin. Başqa heç nəyə qarışmır. Sırf verilən tapşırıqları yerinə yetirir. Biz yerdən-göyə kimi ondan razıyıq. Belə davam eləsə, mə nonu gələn mövsüm də komandada saxlayacam.

- Aha. Deməli, siz minimum daha 1 il «Neftçi»də qalmaq fikrindəsiz. Bu, bizim üçün əsl yenilik oldu.
- Niyə?

- Niyə? Xeyli müddətdir AFFA-nın kluarlarında belə xəbərlər dolaşır ki, siz baş katib olmaq istəyirsiz və buna hazırlaşırsız. Artıq fikrinizdən daşınmısız?
- Bilirsiz, bu məsələ məndən asılı deyil. Heç kimə sirr deyil ki, mən Elxan Məmmədovun kadrıyam. Məni tamamilə kənar sahədən AFFA-ya gətirib iş verən, sonra «Sumqayıt»a prezident göndərən, oradan da «Neftçi»yə yolumu açan bu adamdır. Elxan müəllim mənim böyük qardaşımdır, ağsaqqalımdır. Hər yerdə demişəm, sizə də deyirəm, mən onun süpürgəsiyəm. Hara qoysa, orada da qalacam.

- Xahiş edirəm, sualıma bir az konkretlik qatın.
- Baş katib olmaq istəyirəm. Niyə də yox? Ancaq bilirsiz ki, hörmətli Elxan müəllim icraçı vitse-prezident olandan sonra baş katib postundan getmədi, onu da özündə saxladı. Bu söhbət indi «ölüb». Bilmirəm qardaşım hələ neçə müddət hər iki vəzifədə işləyəcək. Nə vaxt məsləhət bilsə, onu baş katib vəzifəsində əvəzləməyə hazıram.

- «Neftçi» azarkeşləri sizdən olduqca narazıdır. Elxan Məmmədov isə bütün futbol ictimaiyyətinin nifrətini qazanıb. AFFA-ya getsəz, bütün tənqidlərin hədəfi olmaqdan ehtiyat etmirsiz?
- Mən Elxan Məmmədova görə hər şeyə hazıram. Təki o, məni baş katib qoysun, kənardan nə deyiləcəyi vecimə də deyil.

- Bu, vəzifə iddianızdan irəli gəlir, yoxsa futbola sevginizdən?
- Belə deyim də, mən artıq uzun illərdir futboldayam. Hamı elə bilir ki, Kamran Quliyev 10-12 ildir bu sahədədir. Əslində isə mən hələ Fuad Musayevin vaxtında futbolda olmuşam. Onda gənc idim, həvəsim var idi, yolumu tez-tez AFFA-dan salırdım. Millinin oyunlarına gedirdim, arada tərcüməçilik də edirdim. Bəli, mən imkanlı ailədə dünyaya gəlmişəm. Bəziləri kimi pulu sonradan görməmişəm. Ona görə də pulun qədrini bilirəm. Hərdənbir dostum Ceyhun mənə zarafatla deyir ki, sən əldən bərksən (gülür).

- Düz deyir?
- Onunla bir məktəbdə oxumuşuq.

- Demək istəyirsiz ki, Ceyhun Sultanov sizi tanımaq mənasında topu düz «doqquzluğ»a vurub?
- Yəqin.

- Biz əsas mövzudan yenə bir qədər uzaqlaşdıq.
- Yenə baş katib olmaq istəyimdən danışım? (gülür). Axı bu məsələ məndən asılı deyil. Siz Allah, gəlin, bu mövzunu qapadaq. Məni dilə-dişə salmayın, xahiş edirəm. Söz gedib Elxan Məmmədovun qulağına çatar, yenə olar mənimlə düşmən. Onsuz da, münasibətlərimiz təzə-təzə düzəlir.

- Neçə vaxtdır nə olmuşdu ki?
- Heç… Bir ara demişdilər ki, mən onu kimlərəsə dəyişmişəm. Aramızı vuranlar olmuşdu. Məndən Elxan müəllimə elə sözlər demişdilər ki… Hamısına inanmışdı. Uşaqlıqdan dost olmuşuq. Gediş-gəlişimiz olub. Buna baxmayaraq, incimişdi, məni danışdırmırdı. İnanın, həmin müddətdə yuxum ərşə çəkilmişdi, gözümə yuxu getmirdi. Özümü təzyiq altında hiss edirdim. Yenə şükür, münasibətləri birtəhər qaydasına sala bilmişəm. Mənə bu dəqiqə o vacibdir ki, Elxan müəllimin gözündən bir də düşməyim. Çünki onun ətrafında bir çox insan ki, məni gözü götürmür. Onlar istəmir ki, Elxan müəllimlə yaxın olum. Amma sizi əmin edirəm ki, Kamran Quliyev heç vaxt dəyişməyəcək. Mən bir yerdə də dəyərli dostumun arxasınca danışmamışam, üzünə ağ olmamışam.

- Kamran müəllim, qiymətli vaxtınızı bizə ayırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, sizi axtarıb tapmaq üçün bir də «naviqator»dan istifadəyə ehtiyac duymayacağıq.
- Mən də çox istərdim ki, Sportinfo.az «Neftçi» haqda həqiqətləri yazmaqda davam etsin. Çünki sizin yaydığınız məlumatların 99,9 faizi düzgündür. Hər gün mətbuatı izləyirəm və gündəlik oxuduğum saytlar arasında Sportinfo.az da var. Dostlar bilir ki, mən açıqsözlü insanam. Bəzən sizdə mənə və Ceyhun Sultanova qarşı aqressiya hiss olunur. Buna bir söz demirəm. Amma xahiş edirəm, bizdən nə yazırsız yazın, amma Elxan Məmmədovla bir o qədər işiniz olmasın. Axı mən onu özümdən də çox istəyirəm. Qoyun, futbolumuzu inkişaf etdirsin.

Digər Xəbərlər
Xəbər Lenti