“Sabahın Ulduzları”na yenidən start verilib.
Turnirdə U-14 və U-15 yaş qrupları mübarizə aparır.
Layihənin əsas məqsədi gənc futbolçulara daha çox oyun təcrübəsi qazandırmaq, onların inkişafını sürətləndirmək və gələcəyin istedadlarını üzə çıxarmaqdır.
“Sabah” bir çox klublardan fərqli olaraq, turnirə məhz öz yaş kateqoriyalarına uyğun futbolçuları cəlb edib - U-14-də 2013–2014-cü il təvəllüdlü, U-15-də isə əsasən 2012-ci il təvəllüdlü oyunçular çıxış edirlər.
Dünən keçirilən “Sabah” U-14-“Sumqayıt” U-14 qarşılaşması zamanı maraqlı bir detal diqqətdən yayınmayıb.
“Sabah”ın U-14 komandasında çıxış edən İvan Vernidub hazırda “Neftçi”nin baş məşqçisi olan Yuri Vernidubun nəvəsi, eyni zamanda onun korpusunda çalışan, vaxtilə “Qəbələ”, “Zarya Luqansk”, “Krivbas” və digər klublarda çıxış etmiş keçmiş peşəkar futbolçu Vitali Vernidubun oğludur.
Bu fakt istər-istəməz müəyyən suallar doğurur. Azərbaycanın ən köklü futbol akademiyalarından biri hesab olunan “Neftçi”nin akademiyası son illərdə əvvəlki nüfuzunu tədricən itirib.
Müxtəlif yaş qrupları üzrə Azərbaycan millilərinə göndərilən futbolçuların sayına nəzər saldıqda da, görünür ki, bir vaxtlar dominant mövqedə olan “Neftçi” artıq əvvəlki üstünlüyünü qoruyub saxlaya bilmir.
Belə bir şəraitdə “Neftçi”nin baş məşqçisinin nəslinin davamçısının inkişafı üçün məhz “Sabah”ı seçməsi təsadüfi görünmür.
Ukraynalı mütəxəssisin seçimi burada son illərdə formalaşdırılan müasir yanaşmanın, peşəkar məşq prosesinin və futbolçu inkişaf modelinin futbol ictimaiyyəti tərəfindən də diqqətlə izlənildiyini göstərən maraqlı nüanslardan biridir.
Əlbəttə, bir futbolçunun hansı akademiyada çıxış etməsi təkbaşına yekun nəticə çıxarmaq üçün əsas deyil.
Lakin fakt odur ki, son illərdə “Sabah” akademiyası inkişaf xətti nümayiş etdirdiyi halda, “ağ-qaralar”ın uşaq futbolu ilə bağlı həm futbol ictimaiyyətində, həm də mütəxəssislər arasında suallar artır.
Əgər vəziyyət yaxın illərdə dəyişməzsə, Azərbaycan futbolunda uzun illər aparıcı akademiya hesab olunan “Neftçi”nin bu statusunu tamamilə itirməsi real təhlükəyə çevrilə bilər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
