Mən bilmirəm, qarşıma belə bir xəbər çıxmayıb, siz deyin görək - «Neftçi»də istefa verən varmı?
Ali rəhbərlikdən deyil, idarəçilərdən. Göz qabağında olanlardan və olmayanlardan.
Səhərdən axşama kimi bazada əyləşənlərdən, gündə üç dəfə yeməkxanaya ayaq ölçənlərdən, Yuri Vernidubun vaxtını boş yerə alanlardan, qoz-fındıqdan yeyə-yeyə laqqırtı vurub əməli iş görməyənlərdən bir, yaxud bir neçə nəfər öz vəzifəsi ilə xoşluqla vidalaşıbmı?
«Dinamo» ilə Bolqarıstandakı oyundan sonra gərək belə olardı axı.
Bəndəniz Avropa dəftərini qapadan o «Pirr qələbəsi»ndən sonra istefa ərizələrinin masaya qoyulacağını gözləyirdi. Deyəsən, düşündüyüm olmayıb hələ.
Kimi və nəyi gözləyirlər yenə? Üç ildən sonra zor-bəlayla Avropa səhnəsinə qayıtmış klub qitənin reytinqinə görə axırıncı, üçüncü dərəcəli turnirində - Konfrans Liqasında mübarizəni elə ilk etapdaca dayandırırsa, mütləq biriləri bunun məsuliyyətini öz üzərinə götürməlidir.
«Dinamo» kimi zəif rəqibin öhdəsindən gəlməyi bacarmayan komandanı qurmuş o idarəçilər nəyə görə, hansı üzlə bundan sonra öz fəaliyyətini davam etdirməlidir ki?
Aldıqları maaş, qazandıqları əlavə bonus və daha nələr, nələr… Burunlarından gəlməlidir.
«Neftçi» azarkeşinə - kiçiyindən yaşlısına kimi hamını hüzn içində boğmuş fərasətsiz, amma fürsətcil funksionerlərin biri də daha burada qalmamalıdır.
Kabinetlərdə oynanılan «oyunlar»ın əziyyətini meydandakılar və tribunadakılar çəkməməlidir indən belə.
Baş məşqçiyə istədiyi futbolçuları almayan, bir-birlərinin acığına komandanı zəiflədən, yaxşı transferlərin edilməsini önləyən o rəsmilərin hər biri lazımı yerə çağırılıb sorğulanmalıdır.
«Vernidubun əlini niyə zəiflətdiz» sualı ilə problemli mövzuya giriş edib, daha dərin qatlara enmək lazımdır. Orada, heç bilirsiz, nələr var? Oy, oy, oy...
ELNUR

