Polşada “Lex”lə “Orhus” arasında baş tutan oyunun videoyazısını deyirəm.
“Neftçi”nin futbolçularını bir otağa yığıb, işıqları söndürüb, həmin qarşılaşmanı “Dinamo Minsk”lə matçdan əvvəl onlara göstərmək lazımdır.
Mübarizliyin, əzmkarlığın, ruhdan düşməməyin, sona qədər döyüşməyin xalis nümunəsi ilə tanış etmək lazımdır futbolçuları.
Bir həftə əvvəl “Lex” rəqib meydanında, yəni Danimarkada “Orhus”u meydana çıxmağa peşman etmişdi. Meydan sahiblərinin qapısına 4 top vurub, öz qapısından 1-ni buraxanda içi mən qarışıq böyük əksəriyyət “Sabah”ın 3-cü mərhələdəki rəqibinin Polşa komandası olacağının xəyalları ilə yaşayırdı.
“Orhus”un məşqçi və futbolçu heyəti mümkünsüz görünəni həyata keçirdi. Əvvəlki oyunun yekun nəticəsinə önəm vermədən meydana çıxıb döyüşdü, qələbəni arzuladı və əldə etdi.
İkinci matçın 90 dəqiqəsi 3:0 qonaqların xeyrinə başa çatınca, əlavə 30 dəqiqəyə ehtiyac duyuldu. Yarım saat ərzində komandalar hərəyə 1 dəfə fərqləndi. Bu, qalibin adına penalti seriyasında aydınlıq gələcəyi anlamını verirdi. Dəqiqlik nümayiş etdirən “Orhus” Çempionlar Liqasının 3-cü mərhələsinə vəsiqə qazanmaqla dünyanı şoka saldı.
İndi bizim “Neftçi” eyni vəziyyətdədir. Ötən həftə öz meydanında 2:4 hesabı ilə uduzub və Bolqarıstana qələbə dalınca yollanıb.
Büdcə, futbolçu keyfiyyəti, baş məşqçinin təcrübəsi, məğlubiyyətin yaratdığı qisas hissi, “Dinamo”nun Belarusda oynamaması – bizimkilərin xeyrinə olan o qədər faktor var ki.
“Lex” – “Orhus” oyununda yaşananları diqqətlə izləmək, nəticə çıxarmaq və Polşada yaşananları təkrarlamaq lazımdır. Bu, möcüzə deyil, istəkdən irəli gələ biləcək reallıqdır.
“Sabah” ÇL-də növbəti mərhələ yüksəlib, “Zirə”nin də KL-də mərhələ adlaması real görünür, “Qarabağ” isə ÇSKA səddini aşmalıdır.
Haydi, “Neftçi”, sən də bacarmalısan, bacaracaqsan!
HƏBİB / SPORTİNFO.AZ

