"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Tim Marşalla yan xətlərdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Şeyn MakQoniql yerinə yetirəcək.
Britaniyalı hakimin zəngin karyeraya malik olduğunu deməliyik. Hazırda 38 yaşlı olan referi 23 yaşından Şimali İrlandiyanın yüksək liqa oyunlarına təyinat almaqla diqqət çəkib. 26 yaşından isə beynəlxalq statuslu qarşılaşmalarda fit çalmaqdadır.
Marşallın bizimkilərlə yolu iki dəfə kəsişib və hər iki halda 2019-cu ildə.
İyunun 6-da səfərdə Lixtenşteynlə Azərbaycanın U-21-in millilərinin qarşılaşmasını idarə edən bu şəxs 10-cu dəqiqədə yığmamızın qapısına penalti təyin edib. “Cırtdanlar” 11 metrlik zərbəni dəqiq yerinə yetirib ki, bu, oyunun yekun nəticəsini müəyyənləşdirib.
2019-un iyulun 11-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Sperantsa” – “Neftçi” görüşü irland hakimə tapşırılıb.
Moldovada rəqibinə göz açmağa imkan verməyən “ağ-qaralar” meydanı 3:0 hesablı qələbə ilə başa vurub. Bu dəfə rəqibin qapısına penalti təyin etməklə bizimkilərin alqışını qazanıb.
7 il əvvəl “Neftçi”nin heyətində meydana çıxan futbolçularda yalnız Emin Mahmudov hazırda “Neftçi”dədir. Yeri gəlmişkən, “Sperantsa”nın qapısına vurulan 3 qoldan 1-də Eminin imzası var.
Tim Marşallın ayağı 2019-cu ildə bakılılar üçün düşərli olmuşdu. Ümid edək ki, bu dəfə də “Neftçi” meydanı qalib tərk etməklə növbəti mərhələyə adlamaq istəyinə çatacaq.
İyulun 30-da Stara Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
Komandalar arasında Bakıda keçirilən ilk görüş Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

