"Neftçi"nin Müşahidə Şurasının (MŞ) üzvləri əsas komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb.
Yığıncaqda yeni mövsümlə bağlı məsələlər geniş müzakirə olunub.
Bakılılar Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya uduzub ki, MŞ-nın təmsilçiləri iclas zamanı əsas diqqəti buna yönəldib.
"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.
İkinci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.
Cavab oyunu iyulun 30-da keçiriləcək. Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda.
Mücadilə Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.
Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək. Portuqaliya təmsilçisi səfərdəki ilk matçda serblərə 1:0 hesabıyla qalib gəlib.
"Neftçi" rəhbərliyi kollektiv üzvlərindən revanş tələb edib. Onlara hər cür şərait yaradıldığı diqqətə çatdırılıb, bunun qarşılığında müsbət nəticə istənilib.
İclasda bəzi futbolçular möhkəm tənqid olunub, geyindikləri formaya yaraşmayan səhvlərlə yapdda qaldıqları vurğulanıb.
Bildirilib ki, azarkeşlər qələbəni haqq edir və Bolqarıstanda qeydə alınacaq müsbət nəticəylə "12-ci" oyunçunu sevindirmək lazımdır.
Eyni zamanda, xəbərdarlıq olunub ki, komanda qarşısına qoyulan məqsədə çatmasa, yəni, mərhələni keçməsə, sərt intizam tədbirləri görüləcək, bu istiqamətdə müvafiq addımlar atılacaq.
SPORTİNFO.AZ

