İlkin Fikrətoğlu: Bu "Neftçi"yə necə inanaq? - VİDEO

17:45 Neftçi 138
İlkin Fikrətoğlu: Bu "Neftçi"yə necə inanaq? - VİDEO

Konfrans Liqasındakı təmsilçimiz “Neftçi” meydana çıxana qədər hamımız klublarımızın 7 oyun, 7 qələbə eyforiyasının təsirindəydik.

Üç illik aradan sonra Avropa səhnəsinə qayıdan “Neftçi”dən möhtəşəm bir dönüş gözlənilirdi.

Rəqib də uyğun idi. Avrokuboklarda ev oyunlarını UEFA-nın qadağası üzündən öz ölkəsində keçirməyən, son illər futbolu böhran keçirən Belarusun tarixi klubu - “Dinamo”.

“Neftçi” 8 dəqiqəyə 2 qol vuranda, artıq bu oyunu da, cavab matçını da unudub növbəti rəqb - Portuqaliya “Braqa”sının xəyallarını qururduq.

Amma “Neftçi” qısa müddətdə bizi göylərdən yerə endirdi. Endirdi də yox, yerə çırpdı. “Dinamo Minsk” olduqca bəsit qolla birinci hissədə fərqi azaltdı.

Bu, qapıçı Emin Balayevin rəqibı hədiyyəsi oldu. Onu əvəzlyən Rza Cəfərov da ikinci qolda “Neftçi”yə kömək edə bilmədi.

Sonrakı iki qolu isə “Neftçi”nin müdafiə xətti özü rəqib üçün təşkil etdi. Bir sözlə, rəzalət dolu bir oyun!

0:2 dən sonra adi bir rəqibdən dörd qol buraxan komandaya nə deyəsən ki, ürəyindən tikan çıxsın?

Bütün mövsümboyu haray-həşirlə, “dartma yaxam cırıldı” ilə, hakimlərlə, AFFA-yla çəkişmələrlə gəl Avropaya çıx, onda da elə birinci oyunda öz azarkeşinin qarşısında ağzının üstündən 4 sillə vurub geri qaytarsınlar və hələ o sillənini də ikisini bizim publikanı qıcıqlandıracaq bir erməni vursun.

“Neftçi”nin kapitanı və baş məşqçisinin oynsonrası açıqlamarı da oyunun özü kimi biabırçı idi.

Kapitan Emin Mahmudov deyir ki, 2:0-dan sonra elə bildik, oyunun taleyi həll olunub.

Bunu yaşı 34-ə çatan, 20 ilə yaxındır peşəkar futbolda olan birisi deyir. Qarşıda 80 dəqiqədən çox vaxt qalarkən necə oyunun taleyinin həll olunduğunu düşünmək olar?

Demək, sizin futbolçu təfəkkürünüz , peşəkarlığınız o deyil də.

Özü də deyir ki, neçənci dəfədir “Neftçi”nin oyununda belə olur. Bəs eyni hal dəfələrlə təkrarlanırsa, siz oyunçular, baş məşqçi nə işlə məşğulsuz?

Yuri Vernidubun açıqlamasına bax hələ: “Çoxlu səhvlər etdik, rəqibə imkan yaratdıq. Rəqib bir uzun ötürmə edir və gəlir fərqlənir. Bu, necə olur?”.

Bu suala siz cavab verməlisiz, hörmətli Vernidub!

“Epizodlar yarada bildik, ancaq sən vura bilmirsənsə, rəqib fərqlənir” deyirsiz - bu, futbolun qayda-qanunudur da. Kim imkanlardan daha çox istifadə edir, o da qazanır.

“Neftçi” bu qədər məşqi, toplanışı bəs nəyə görə keçib?

Müdafiə ilə hücumun arasındakı boşluqda mina basdırmaq olardı ki, belaruslular qapımıza yaxınlaşmasın. Sanki arxa xətt deyilən bir anlayış yoxdur sizjn oyun sisteminizdə.

İndi “Neftçi”nin öz günahını yumaq üçün bir şansı var. Neytral meydanda - Bolqarıstanda oynayan “Dinamo”nu səfərdə azı 3 top fərqiylə məğlub etmək.

Bakıda gördüyümüz oyundan sonra biz belə “Neftçi”yə necə inanaq?

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti