“Neftçi” “Dinamo Minsk”lə oyuna ideal başladı və ilk on dəqiqə ərzində hesabı 2:0-a çatdırdı.
Lakin bundan sonra ritm tamamilə dəyişdi.
Belarus təmsilçisi topa daha çox sahib olmağa başladı, hücumların sayını artırdı və “Neftçi”ni öz meydanında müdafiə olunmağa məcbur etdi.
İlk hissənin sonundakı qol oyunun psixoloji axarını dəyişdi, fasilədən sonra isə “Dinamo” təşəbbüsü tam ələ keçirərək ardıcıl qollarla görüşü 4:2 hesablı qələbə ilə başa vurdu.
Oyunun son hissəsində hücumların sayı, təhlükəli epizodlar və cərimə meydançasına daxilolmalar baxımından da üstünlük qonaq komandanın tərəfində idi.
“Neftçi”nin əsas problemi fərdi səhvlərdən daha çox, komanda şəklində oyunun idarə olunmaması idi. Erkən hesab üstünlüyündən sonra topa nəzarəti saxlamaq, tempi aşağı salmaq və rəqibin təzyiqini qırmaq mümkün olmadı.
Xətlər arasındakı məsafə böyüdü, top itkiləri artdı və müdafiə xətti davamlı təzyiq altında qaldı. Avropa səviyyəsində belə səhvlər çox baha başa gəlir və bu görüş bunun bariz nümunəsi oldu.
İyulun 30-da keçiriləcək cavab qarşılaşmasında “Neftçi”ni çox çətin sınaq gözləyir. İki top fərqini aradan qaldırmaq üçün komanda ilk dəqiqələrdən hücum futbolu nümayiş etdirməli olacaq.
Lakin bunu edərkən müdafiədə balansın qorunması əsas şərtdir.
Erkən qol “Neftçi”ni yenidən oyuna qaytara bilər, əksinə, ilk qolu “Dinamo Minsk” vuracağı halda, qarşılaşmanın taleyi, demək olar ki, həll olunacaq. Buna görə də Bakı təmsilçisi emosional deyil, ağıllı və taktiki baxımdan düzgün futbol sərgiləməlidir.
Ümumilikdə, son iki gün Azərbaycan futbolu üçün həm sevindirici, həm də düşündürücü nəticələr verdi.
“Sabah” göstərdi ki, düzgün təşkilatlanmış oyun, intizamlı pressinq və topa nəzarət Avropa səviyyəsində uğurun əsas açarlarından biridir.
“Neftçi” isə əksinə, erkən hesab üstünlüyünün hələ heç nə ifadə etmədiyini və oyunun son fitədək eyni konsentrasiya ilə oynamağın vacibliyini nümayiş etdirdi.
İndi əsas söz cavab qarşılaşmalarındadır və hər iki klubun həmin matçlarda taktiki baxımdan necə reaksiya verəcəyi onların Avrokubok taleyini müəyyən edəcək.
SPORTİNFO.AZ

