“Neftçi”nin Avropaya dönüşünü qara gətirən şəxs - O, görün nə səhvlər edib!

15:00 Neftçi 243
“Neftçi”nin Avropaya dönüşünü qara gətirən şəxs - O, görün nə səhvlər edib!

Yeni avrokubok mövsümünün ilk məğlubiyyətini «Neftçi» ilə aldıq.

Bakıda, minlərlə tərəfdarın gözü qarşısında.

Sovet dönəmindən yaxşı tanıdığımız Minsk «Dinamo»su uzun illər sonra ölkəmizə ilk səfərində geridönüş etməyi bacardı.

Oyunu 0:2-dən 4:2-yə çevirən qonaqlar buna görə Yuri Verniduba «çox sağ ol» deməlidir.

Bəli, bəli, «Dinamo»ya qələbəni «Neftçi»nin baş məşqçisi qazandırdı. Taktiki və fiziki planda yol verdiyi çoxsaylı səhvlərlə, o, belarusluların fətirinə nehrə yağı sürtdü.

Təqribən 10-12 gün öncə bir xəbər paylaşmışdıq saytda. Slovnniya toplanışında iştirak edən əksər futbolçuların Vernidubun müəyyənləşdirdiyi fiziki yükləmələrin həcmindən şikayətlənməsi barədə.

Yazmışdıq ki, bundan narazıdırlar və fəsadlarının ola biləcəyini deyirlər. Balkan yarımadasına ağır «fizika» almış oyunçuların şikayəti eşidilməz oldu.

Rəsmilər bu informasiyanın mediaya sızmasından hərəkətə keçmədi ha, əndişə keçirdi. Şikayətçiləri dinləyən, baş məşqçiyə çatdıran olmadı, bizdən gileyli qaldılar. Ki, niyə belə bir məlumat paylaşırıq.

Buyurun, bu da sizə «Dinamo»nun cavabı! Rəqib ilk 8 dəqiədə qapısında gördüyü iki qolun ardınca necə toparlandısa, dörd mirvarını muncuğa düzdü: birini fasiləyə kimi, qalanlarını da ondan sonra.

Birinci 15 dəqiqəni «Neftçi»nin aktivinə yazmaq olardısa, matçın əsas bölümü «Dinamo»nun aşkar üstünlüyü şəraitində keçdi.

Topu orta sahədə çevirməyə güclük çəkən, meydanın özlərinə aid hissəsini tərk etməyən «Neftçi» Sloveniyadakı normadan artıq yüklənmənin «bəhrə»sini aldı.

Heç kim topa açılmırsa, yerində dayanırsa, «yuvrlaq meşin»dən gizlənirsə, görəsən, bunun başqa nə səbəbi ola bilər ki? Ləng oynamaq olar, amma qarşılaşmanın son dəqiqələrində.

Nə vaxt gücün tükənir, toplu, yaxud topsuz qaçmaqdan yorulursan, onda. «Neftçi»nin futbolçuları 20-ci dəqiqə daxil olmamış yerlərdə sürünürdü.

Əlbəttə, Vernidub fiziki hazırlıq planını düzgün qursaydı, bütün bu problemlər belə tez üzə çıxmazdı.

Mövsümün ilk rəsmi oyununda qeydə alınan biabırçı nəticənin pərdəarxasından bir də ukraynalının taktiki və ilk «11-lik» səhvi boylanır.

Emil Səfərovla Elvin Bədəlovu əsas heyətdən kənarda saxlayan baş məşqçiyə nə irad bildirilsə, yenə azdır!

Komandanın 3 illik aradan sonra avrokuboklara vəsiqə qazanmasında əziyyəti keçən yarımmüdafiəçi ilə müdafiəçini indi ehtiyatda əyləşdirən Vernidubun, deyəsən, doğrudan da, «başı gedib».

Adaptasiya prosesini keçməyən iki yeni legioneri birinci dəqiqədən meydana buraxan çalışdırıcı oyuna vaxtında müdaxilə etmədi, yatdı.

O qədər yuxuladı ki, «Dinamo» üçüncü qolu vurub qurtardı, bir neçə fürsəti də boşa verdi.

60 yaşına gəlib çatmış, bəs qədər təcrübə toplamış, «Şerif»i Çempionlar Liqasının qrup mərhələsinə yüksəltmiş bir mütəxəssisin belə yanlışlar etməsi həqiqətən ayıbdır.

Ondan cavan olan Valdas Dambrauskası görün. «Sabah»ı çalışdıran litvalı Çempionlar Liqasına ötən ilin heyəti ilə başlayır, yeni futbolçuları tədricən oyuna daxil edir.

Çün «Sabah» üçün bir oyun modeli fikirləşib tapıb, gələndən bəri ona sadiqdir, kənara çıxmır. Səfərovun ilk dəqiqələrdən forma geyindiyi oyunlara bir baxaq, bir də sonradan meydana çıxdıqlarına.

«Neftçi» Emillə daha çox nəticəyə gedib, nəinki Vernidub onu kənarda saxlayanda.

Əlində belə bir statistika var ikən, baş məşqçi nədən bu cür kəntöy seçim etdi, müəmmalıdır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!