“Razılaşın, “Neftçi”də oynayım” – Bura gəlmək üçün əlindən gələni edir

4 İyul 22:20 Neftçi 2 653
“Razılaşın, “Neftçi”də oynayım” – Bura gəlmək üçün əlindən gələni edir

“Neftçi” Freddi Varqası heyətinə qatmaq üçün bütün gücünü səfərbər edib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” hər gün futbolçunun müqavilə ilə məxsus olduğu “Makkabi Netanya” ilə danışıq aparır, futbolçudan əl çəkməyəcəyini göstərir.

Varqasın özü də Azərbaycanda oynamaqda maraqlıdır. Hətta bununla bağlı istəyini İsrail klubunun rəsmilərinə açıq şəkildə bildirib.

Kolumbiyalı hücumçu-yarımmüdafiəçi yaxın şərqdəki siyasi durumdan narahatdır. Özünü və ailəsini mümkün təhlükədən qorumaq üçün karyerasını ağ-qara formada davam etdirmək istəyir.

Yeri gəlmişkən, futbolçunun xanımı da sakit və təhıükəsiz Bakıda yaşamaqda maraqlıdır.

“Makkabi” rəhbərliyi Freddinin “Neftçi” üçün ciddi önəm daşıdığını bildiyindən, Azərbaycan reallığında fantastik məbləğ tələb edir. Burada söhbət təxminən 800 min avrodan gedir.

Təmsilçimiz isə göstərilən məbləği yarıbayarı azaltmaq üçün transferdə israr edir. İki klub arasındakı məktublaşmalar hələ ki, müsbət fayda verməyib. Lakin bu ayın sonuna qədər məsələnin həll olunacağına dair inam böyükdür.

“10 nömrə”nin özü də təlim-məşq toplanışında iştirak etmək, avrokuboklarda debüt etmək üçün alışıb-yanır. O, “Neftçi” rəsmiləri ilə söhbətdə məsələni tezliklə yoluna qoymağı xahiş edib.

27 yaşlı futbolçu ötən mövsüm icarə əsasında top qovduğu ağ-qara formada 34 oyunda şans qazanmaqla 5 qol vurub, 9 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti