Yay transfer dönəminin fəal komandalarından olan “Neftçi”nin maraq dairəsinə düşən daha bir legioner müəyyənləşib.
Ukrayna mətbuatının yaydığı xəbərə görə, “ağ-qaralar” “Zarya”nın hücumçusu Filipp Budkovskini heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalayan Yuri Vernidub həmyerlisini sərəncamında görmək istəyir. Baş məşqçi hələ ilin əvvəlində ölkəsinin mətbuatına açıqlamasında Budkovskini çox bəyəndiyini demişdi.
“Neftçi”dən əldə etdiyimiz məlumata görə, sözügedən forvard həqiqətən Vernidubun siyahısında yer alıb.
Çalışdırıcı şəxsən onunla danışıb, Bakıya gəlməsini istəyib. Budkovski təcrübəli mütəxəssisin dəvətinə müsbət yanaşıb, avrokuboklarda çıxış etməyi arzuladığını bildirib.
İndi burada əsas məsələ iki klub arasında sövdələşməyə nail olmaqdır. “Zarya” keçidin baş tutması üçün müəyyən təzminat tələb edir.
34 yaşlı mərkəz hücumçusunun həm özü, həm də klubu ilə danışıqlar aparılır. Ukrayna millisinin sabiq üzvü Belçika, Rusiya və Fransadan sonra Azərbaycanda da legioner həyatı yaşaya bilər.
Filipp Budkovski ötən mövsüm 29 oyunda 13 qol vurub, iki məhsuldar ötürmə verib. Onun “Zarya” ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədərdir.
SPORTİNFO.AZ

