“Neftçi” növbəti mövsüm üçün yeni dizaynlı formalarını təqdim edib.
“Əfsanə zolaqlı” adını daşıyan 2026/27 mövsümünün ev oyunu dəsti “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, ağ-qara zolaqlar yenidən futbolçuların əynində olacaq.
Klub tarixində ən çox istifadə olunan və “Neftçi”nin ayrılmaz simvoluna çevrilən zolaqlı forma yeni mövsümdən etibarən yenidən əsas ev forması kimi istifadə olunacaq.
Klub köhnə-yeni formanın təqdimatı münasibəti ilə “Neftçi”nin 90 illik yubileyinə uyğun olan 90 saniyəlik süjet hazırlayıb.
Görüntülərdə “ağ-qaralar”ın tarixində iz qoymuş Səməd Qubanov, Nazim Süleymanov, Tərlan Əhmədov və hər nə qədər qəribə səslənsə də, Georgi Adamiya yer alıb.
“Neftçi”nin keçmiş “10 nömrə”si Bakıya məhz klub rəhbərliyinin dəvəti ilə təşrif buyurub.
Georgi görüntülərdə yer almaqla yanaşı, Bakını gəzib, yenilənmiş bazaya baş çəkib və təbii olaraq uzun illərdir görmədiyi insanlarla görüşüb.
Adamiya ona göstərilən diqqət və ehtirama görə bu işdə əməyi olan hər kəsə təşəkkür edib, yeni mövsümdə keçmiş komandasına uğurlar arzulayıb.
Hazırda Gürcüstanın U-21 millisində məşqçi kimi çalışan 45 yaşlı mütəxəssis Azərbaycanda “Neftçi” ilə yanaşı, “Qarabağ”, “Bakı” və “İnter”in formasını geyinib.
Lakin ən parlaq dönəmi ağ-qara formada yaşayıb.
2005-2008-ci illər aralığında paytaxt təmsilçisinin heyətində 105 oyunda meydana çıxmaqla 30 qola imzasını yazdırıb.
O, “Neftçi”nin heyətində Azərbaycan çempionu olub, “Birlik kuboku”nun qalibi adını qazanıb, sözügedən turnirdə bombardir adına yiyələnib, “Qarabağ”ın heyətində Premyer Liqanın 2010/11 mövsümünün ən sərrast futbolçusu olub.
HƏBİB / SPORTİNFO.AZ

