“Neftçi” Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
“Ağ-qaralar” bu etapda 1-ci mərhələdə üz-üzə gələcək “Sileks” (Şimali Makedoniya) – “Dinamo Minsk” (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Məlum məsələdir ki, iki oyunun yekun nəticəsinə görə, “Sileks” mərhələni adlayan tərəf olsa, bakılılar səfər görüşü üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcək.
Bəs sonda gülən tərəf “Dinamo” olsa?
UEFA avrokubok matçlarının Belarusda keçirilməsinə icazə vermədiyindən, “Neftçi” təbii ki, bu ölkəyə yollanmayacaq.
Mərhələni Minsk təmsilçisi keçəcəyi halda, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Bolqarıstana yollanmaq məcburiyyətində qalacaq.
Buna səbəb “Dinamo”nun Konfrans Liqasındakı ev oyunları üçün Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunu sişarif etməsidir.
“Sileks”lə məhz burada üz-üzə gələcək. Mərhələni adlaya bilsə, “Neftçi”ni də məhz “Beroe” arenasında qəbul edəcək.
“Sileks”lə “Dinamo” arasındakı qarşılaşmalar 9 və 16 iyul tarixlərində keçiriləcək.
Mübarizəyə 2-ci mərhələdə qoşulacaq təmsilçimiz iyulun 23-də və 30-da meydana çıxacaq.
HƏBİB / SPORTİNFO.AZ

