Azərbaycanda hücumçu qıtlığının yaşandığı dövrdə Ağadadaş Salyanski özünü məhv edir.
Sanki öz-özünə düşmən kəsilib.
Adamın futbolçu bacarığı “Neftçi” kimi iddialı klubun əsas heyətində oynamağa imkan vermir. Bunu kar da eşidir, kor da görür. Guya özünün xəbəri yoxdur?
İllərdir ehtiyatda oturub günü günə satmaqla məşğuldur.
Meydana ayaq basdığı gün Ağadadaş üçün bayrama çevrilir. Ayda 1-2 dəfə oynayar, ya oynamaz.
Növbəti mövsüm üçün hazırlıqlar başlayıb. Bassala Sambu ağ-qara formadakı çıxışını davam etdirəcək, azı bir hücumçu da gələcək. Yuri Vernidub daha hazırlıqlı və qolçuluq keyfiyyətləri yüksək olan əcnəbiləri qoyub, Salyanskiyə şans verən deyil.
Mən də olsam vermərəm. Ağadadaş deyiləm ki, özüm öz pisliyimi istəyim.
Klubla müqaviləsi var, ayrılmaq kefinə bağlı iş deyil. Bunun üçün “Neftçi” rəhbərliyinin razılığı olmalıdır. Danışıbmı bu barədə? Getmək istədiyini deyibmi?
İstəyib, amma icazə verməyiblər?
Onun yerində olsam, iki ayağımı bir başmağa salıb mütəmadi oynaya biləcəyim kluba icarəyə verilmək üçün səy göstərərəm. Əlimdən gələni edərəm, təki daim meydanda olum, qollar vurub, yenidən “Neftçi”yə qayıdım.
Mətbuatdan qaçmaq əvəzinə müsahibə verib, içimdəkiləri tökərəm. “Oynamaq istəyirəm, imkan vermirlər” deyib, üsyan edərəm.
“Şamaxı”, “Kəpəz”, “İmişli”, “Şəfa” – bu dəqiqə Ağadadaş kimi yerli hücumçuları çıraqla axtarırlar. Bilsələr ki, ayrılmaq istəyir, qapısında növbəyə dayanarlar.
“Neftçi”də maaş var, mükafat var, şərait var, imic var, amma oynamaq şansı yoxdur. Görünür, 21 yaşlı futbolçuya sadaladıqlarım daha doğma gəlir, nəinki top dalınca qaçıb əsas millinin qapılarını döymək.
“Neftçi”nin azarkeşləri belə, sosial şəbəkələrdə üzünü Salyanskiyə tutub onu daim top qova biləcəyi kluba keçməyə səsləyir.
Təəssüf ki, o, bunu eşitmir.
HƏBİB / SPORTİNFO.AZ

