“Neftçi”də son günlərin gündəmi Freddi Varqasdır.
Ötən mövsüm əla performans sərgiləyən venezuellalı futbolçunun növbəti “futbol ili”ndə ağ-qara formanı geyinib-geyinməyəcəyi sual altındadır.
Sualı yaradan nə “Neftçi”dir, nə də Varqasın özü. Hər iki indiki halından məmnundur.
Problem yaradan məqam Freddinin müqavilə ilə “Makkabi Netanya”ya məxsus olmasıdır.
Ağ-qara formadakı icarə sözləşməsi bu ayın sonuna qədər nəzərdə tutulmuşdu ki, müddət başa çatıb.
Təmsilçimiz “10 nömrə”ni heyətinə qatmaq, daha doğrusu, onunla birdəfəlik müqavilə bağlamaq üçün İsrail klubuna müraciət edib.
“Makaabi” Varqasla vidalaşmağa qarşı deyil. Lakin buna görə bizimkilərdən transfer pulu istəyir. Həmin məbləğ 100-200 min deyil, kifayət qədər yüksəkdir.
Klublar arasındakı danışıq prosesi həftələrdir davam edir. Hələ ki, yekun nəticə hasil olmayıb. Bu da “Neftçi”nin Konfrans Liqasında mübarizə aparmasına görədir.
İsrail klubunun rəsmiləri “Neftçi”nin məcburiyyətini başa düşdüyündən, təmsilçimizin təklif etdiyi məbləğə razılaşmır. Daha çox qazanmaq həvəsindədir.
Danışıqların və hadisələrin gedişatı problemin yaxın günlərdə həll olunacağından xəbər verir. Görünən odur ki, “Makkabi” bu ayın sonuna qədər “ağ-qaralar”la ortaq məxrəcə gələcək.
“Neftçi” iyunun 29-da təlim-məşq toplanışı üçün Sloveniyaya yollanana qədər Varqas baş məşqçi Yuri Vernidubun sərəncamında olmalıdır. Ən pis halda Avropada komandaya qoşulacaq.
Maraq üçün bildirək ki, bakılılar mövsüm başa çatandan sonra Vensan Abubakar, Kristian Kostin, Edvin Kuç, Murad Məmmədov və Cordan Rezabala ilə yollarını ayırıb.
Əvəzində, Rüfət Abbasovla Qustavo Klisman komandaya cəlb olunub, Elcin Camalov, Emin Mahmudov və Emil Bədəlovla başa çatan müqavilələrin müddəti uzadılıb.
HƏBİB / SPORTİNFO.AZ

