“Turan Tovuz”a UEFA-dan göndərilən məktub “Neftçi” rəsmilərinin əhvalını korlayıb.
Mövsümün yekunlarına əsasən “Turan Tovuz” Konfrans Liqasında mübarizəyə 2-ci, “Neftçi” 1-ci mərhələdən başlamalıdır.
Komandanın baş məşqçisi Yuri Vernidub iki həftə əvvəldən yay hazırlıq planını buna uyğun qurmuş, klub rəhbərliyi təşkilati işləri 1-ci mərhələyə görə hesablamışdı.
İndiki məqamda yaranmış vəziyyət, yəni Tovuz təmsilçisinin avrokuboklardan kənarda qalmaq təhlükəsi “Neftçi”də durğunluq yaradıb.
İndi təkcə “Turan Tovuz” yox, “Zirə” ilə yanaşı “Neftçi” də gözləmə mövqeyindədir. UEFA qərarını dəyişməsə, “ağ-qaralar”ın əvvəldən qurulmuş hazırlıq planı pozula bilər.
Bura nə daxildir?
Təlim-məşq toplanışının hansı ölkədə keçirilməsi və hansı müddəti əhatə etməsi. Çünki hər bir baş məşqçi hazırlıq planını avrokubokların hansı mərhələsində iştirak edəcəyinə görə qurur.
Toplanışın başlama vaxtı da həssas məqamdır ki, bu yerdə yenə UEFA-nın qərarını gözləmək lazım gəlir.
Digər vacib məsələ, “ağ-qaralar”ın Konfrans Liqasındakı mübarizəyə 1-ci yox, 2-ci mərhələdən başlamasının mümkünlüyüdür.
Məlumdur ki, 1-ci mərhələdəki rəqiblər 2-ci mərhələdəki adlara görə nisbətən zəif olur. Biri var, ilk cəhddə Latviya, Andorra, Moldova təmsilçilərinə qarşı oynayırsan, mərhələ keçmək şansın artır, oyun təcrübəsi artır, biri də var, mübarizəyə “Braqa”, yaxud “Panatinaikos”la duellərdən başlayıb çıxışını erkən başa vurursan.
Əlbəttə, indiki məqamda “Neftçi” üçün 1-ci mərhələ daha rahatdır. Mərhələ adlamaq şansı yaxşılaşır, komandada xərlərarası əlaqə yaxşılaşır, mərhələnin keçilməsinə görə kluba pul vəsaiti daxil olur və ən əsası, azarkeşlərin üzü gülür.
Kimsə UEFA-nın “Turan Tovuz”u avrokuboklarda iştirakdən məhrum edəcəyinə görə “Neftçi”dəkilərin sevindiyini düşünürsə, yanılır.
Heç də xoş hal olmayacaq.
HƏBİB / SPORTİNFO.AZ

