“Neftçi”nin yetirməsi Murad Məmmədovun “Pafos”a keçməsindən xəbərdarsız.
O, Kipr klubu ilə 3+1 illik müqavilə imzalayıb.
Bununla belə, bakılılar yenə öz tələbəsinin xidmətinə maraq göstərir. “Ağ-qaralar“ Məmmədovu birillik icarəyə götürmək niyyəti ilə bağlı qarşı tərəfı məlumatlandırıb.
Paytaxt təmsilçisinin rəhbərliyi bu qənaətdədir ki, Muradın orada oynamaq şansı azdır, o üzdən 2027- ci ilin yayınadək Azərbaycanda qalması həm səbəbkarın özünün, həm də “Pafos“un xeyrinə olar.
2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub.
O, U-21 millisinin heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.
Kipr klubu 20 yaşlı həmyerlimizlə uzunmüddətli müqavilə imzalayacaq. O. burada hər ay 15 min dollar əməkhaqqı alacaq.
“Neftçi“ Muradı düşərgəsində saxlaya bilərdi. Tərəflər arasında bu yöndə xeyli danışıqlar gedib. Sadəcə, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.
Paytaxt təmsilçisi gənc vingerə 10 min manatdan artıq məvacib ödəməkdən imtina etdiyindən, “Pafos“un təklifi vəziyyəti dəyişib.
Bununla belə, “Neftçi“ də bu anlaşmadan pay qazanıb. “Pafos“ Məmmədova görə bakılılara 50 min dollara yaxın təzminat ödəyəcək.
Özü də bu, Muradın təşəbbüsü və təkidi ilə razılaşdırılan məsələdir. O. yetirməsi olduğu kluba maddi fayda vermək məqsədilə kiprlilər qarşısında şərt irəli sürüb.
SPORTİNFO.AZ


