Vernidub onu gözümçıxdıya salıb? – Səbəbi var imiş

19:40 Neftçi 249
Vernidub onu gözümçıxdıya salıb? – Səbəbi var imiş

“Neftçi”nin yetirməsi Murad Məmmədov yəqin ki, həyatının sonuna qədər Yuri Vernidubun özünə qarşı yaxşılığını unutmayacaq.

Ukraynalı çalışdırıcı komandanın “sükanı” arxasına keçən kimi U-21 millimizin üzvünə güvəndi. Əbu-Dabi toplanışındakı yoldaşlıq görüşlərində şans verdi, çempionatda güvəndi və nəticədə Murad “Pafos” rəsmilərinin diqqətini çəkdi.

Gənc cinah müdafiəçisi yeni mövsümdə legioner həyatı yaşayacaq. Ağ-qara formada son günlərini keçirdiyi gün kimi aydındır.

Di gəl, Vernidub ona son oyunlarda güvənmir. Güvənməmək bir tərəfə, ümumiyyətlə, adının iştirak ərizəsinə salınmasını belə istəmir.

Sanki baş məşqçi Kiprdə oynamağı “Neftçi”də qalmaqdan üstün tutan futbolçunu bu yolla cəzalandırmaq fikrinə düşüb. Hər halda kənardan belə görünür. Yoxsa, zədəsi olmayan biri niyə “23-lük”dən kənarda qalsın, gözümçıxdıya salınsın?

Maraqlandıq və məlum oldu ki, yaranmış vəziyyət hər iki tərəfin ürəyincədir.

Məmmədov çempionat matçlarında meydana çıxması zədələnməsinə səbəb ola bilər. Bu isə yeni komandasında siftə etməyən futbolçunun planlarına daxil deyil. Dünya futbolunda belə, bu cür hallara rast gəlinir. Başqa klubla anlaşan futbolçu özünü mümkün qədər qoruyur. Və ya baş məşqçi ona anlayışla yanaşaraq “odun içinə” atmır.

Digər məqam Vernidubun yarımmüdafiənin solunda başqa futbolçuları testdən keçirmək niyyətidir. Breno Almeyda son görüşlərdə əsas heyətdə yer alsa da, həmin cinah üçün başqa namizədləri da yoxlamaq lazımdır. Necə ki, “Sabah”la qarşılaşmada həmyerlisi Andrey Ştoqrinə şans vermişdi. Onsuz da Məmmədov növbəti mövsümdə komandada olmayacaq. Fürsətdən istifadə edib digərlərini yoxlayır.

Qısası, Murad Məmmədovla Yuri Vernidubun, ya da “Neftçi”nin arasında heç bir narazılıq yoxdur. Futbolçunun kənarda qalmasının səbəbləri məlumdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA