«Neftçi»nin baş məşqçisi Yuri Vernidub bu gün axşam klub rəhbərliyi ilə görüşəcək.
O, yeni mövsümldə bağlı bütün planlarını təfsilatlı şəkildə təqdim edəcək.
Bura yay hazırlıq dönəmi və transfer çalışmalarıyla bağlı geniş qeydlər daxildir. Ukraynalı mütəxəssis düşərgədən getməsini istədiyi futbolçuların siyahısını da masanın üzərinə qoyacaq.
Vernidub son vaxtlar bu məsələlərlə bağlı bir neçə dəfə rəsmilərlə fikir mübadiləsi aparıb. Təcrübəli çalışdırıcı mövsüm bitənədək gözləmə mövqeyi tutacağını bildirib.
Sükançı «Kəpəz»lə matçadək bütün futbolçulara şans tanıyacağını, ondan tez qərar verməyəcəyini söyləyib.
Ötən ilin dekabrından bəri burada işləyən sabiq «Şerif»li qeyd edib ki, Konfrans Liqasına normal hazırlaşmaq üçün hər mənada diqqətli olmaq lazımdır: həm gedəcək, həm də gələcək oyunçuların kimliyini müəyyənləşdirmək mənasında.
Paytaxt təmsilçisinin Premyer Liqada mövsümü dördüncü pillədə başa vuracağı ötən həftəsonu dəqiqləşib. Masazırda «Sabah»a 2:1 hesabıyla qalib gələn «ağ-qaralar» iki illik aradan sonra qitə arenasına dönüşünü rəsmiləşdirib.
SPORTİNFO.AZ

