Azərbaycanlı məşqçi Tural Lətifov peşəkar inkişaf yolunda növbəti vacib uğura imza atıb.
O, Rusiya Futbol İttifaqı Akademiyasının “C-RFS Fitness Physical Preparation Coach” proqramını uğurla başa vuraraq rəsmi sertifikat əldə edib.
Bu sertifikat Tural Lətifov üçün yalnız növbəti təhsil sənədi deyil, həm də UEFA Fitness B kateqoriyasına qəbul üçün vacib mərhələ olub.
Rusiya Futbol İttifaqının tələblərinə əsasən, məşqçinin ali təhsili və praktiki təcrübəsi olsa belə, UEFA Fitness B proqramına qəbul üçün əvvəlcə “C-RFS Fitness / Physical Preparation Coach” proqramını uğurla tamamlaması tələb olunur.
Tural Lətifov bütün tələb olunan mərhələləri keçərək, UEFA Fitness B təhsilinə başlamaq üçün rəsmi qəbul hüququ qazanıb. Onun bu istiqamətdə kurslara avqust ayında başlaması nəzərdə tutulur.
Tural Lətifov Azərbaycanda fiziki hazırlıq və oyunçu inkişafı istiqamətində çalışan futbol məşqçilərindəndir. Hazırda o, “Neftçi” PFK akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərir.
Bununla yanaşı, akademiyanın U-10 komandasının baş məşqçisi vəzifəsini də icra edir. Daha əvvəl “Neftçi” PFK akademiyasının U-17 komandasında baş məşqçinin köməkçisi kimi çalışıb.
Tural Lətifov həmçinin Birinci Liqada çıxış edən “Difai Ağsu”da iki mövsüm fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərərək, peşəkar futbol səviyyəsində praktiki təcrübə qazanıb.
Futbolda fitness anlayışı yalnız qaçış, ağır atletika və ya ümumi fiziki məşqlərlə məhdudlaşmır. Müasir futbolda fiziki hazırlıq futbolçunun oyun içindəki real tələblərinə uyğun qurulur.
Buraya sürətlənmə, dayanma, istiqamət dəyişmə, partlayıcı güc, koordinasiya, dözümlülük, bərpa prosesi, zədə risklərinin azaldılması və oyun intensivliyinə uyğunlaşma daxildir.
Futbol fitness məşqçisinin əsas məqsədi oyunçunu sadəcə daha çox qaçırmaq və ya fiziki olaraq yormaq deyil. Məqsəd futbolçunu oyunun tələblərinə uyğun daha funksional, daha davamlı, daha sürətli və daha effektiv hazırlamaqdır.
Bu səbəbdən müasir futbolda fiziki hazırlıq məşqçisi həm akademiya səviyyəsində, həm də peşəkar komandalarda oyunçu inkişafının vacib hissəsinə çevrilib.
Bu gün Avropada və inkişaf etmiş futbol ölkələrində performance development (Performans inkişafı) istiqaməti xüsusi əhəmiyyət daşıyır.
Akademiyalarda və peşəkar klublarda fiziki hazırlıq məşqçiləri, performance coach-lar, reabilitasiya mütəxəssisləri və tibbi heyət birlikdə çalışaraq futbolçunun uzunmüddətli inkişafını planlaşdırırlar.
Bu yanaşmanın məqsədi yalnız bugünkü nəticə deyil, futbolçunun sağlam, davamlı və yüksək səviyyəli karyera qurmasına kömək etməkdir.
Tural Lətifov bu sahədə beynəlxalq təcrübəni də yaxından izləyir. O, 2024-cü ildə Serbiyada - “Srvena Zvezda”da beş günlük praktika zamanı akademiya səviyyəsində oyunçu inkişafı, məşq strukturu və performans yanaşması ilə yaxından tanış olub.
Azərbaycanda da UEFA Fitness B kateqoriyası üzrə tədris keçirilir. İlk proqram pilot layihə kimi təşkil olunub və növbəti proqramın keçirilməsi gözlənilir.
Tural Lətifov bu təhsili ilk növbədə Azərbaycanda almaq istəsə də, qəbul meyarları, xüsusilə ali təhsillə bağlı tələblər səbəbindən onun Azərbaycanda bu proqramda iştirak etməsi mümkün olmayıb. Buna görə də o, UEFA Fitness B təhsili üçün digər ölkələrdəki imkanları araşdırmağa başlayıb.
Müxtəlif variantları nəzərdən keçirdikdən sonra Tural Lətifov üçün ən optimal seçim Rusiya Futbol İttifaqı Akademiyası olub. Burada əsas səbəblər coğrafi yaxınlıq, tədrisin səviyyəsi və proqramın UEFA Fitness B kateqoriyasına çıxış imkanı yaratmasıdır.
Bununla belə, proses asan keçməyib. Tural Lətifov xarici vətəndaş və xarici məşqçi olduğu üçün onun sənədləri ətraflı şəkildə yoxlanılıb, qəbul prosesi ciddi aparılıb və imtahanlar yüksək məsuliyyət şəraitində keçib.
Rusiya Futbol İttifaqı sistemində sadəcə ödəniş edib sertifikat almaq mümkün deyil. Namizədin sənədləri, təcrübəsi, bilik səviyyəsi və tədris prosesində iştirakı ciddi şəkildə qiymətləndirilir.
Bu kateqoriyanın əhəmiyyəti Tural Lətifovun karyera imkanlarında da özünü göstərib.
Ona Qırğızıstan Premyer Liqasında çıxış edən iki klubdan təklif gəlib və danışıqlar mərhələsinə qədər gəlinib. Lakin həmin dövrdə UEFA Fitness B kateqoriyasının olmaması səbəbindən bu əməkdaşlıq baş tutmayıb.
Tural Lətifovun əsas məqsədlərindən biri xaricdə çalışmaq, beynəlxalq təcrübə qazanmaq və bu təcrübəni gələcəkdə Azərbaycan futbolunun inkişafına yönəltməkdir.
O, fərqli futbol mühitlərini öyrənməyi və qazandığı bilikləri Azərbaycan futboluna fayda verəcək şəkildə tətbiq etməyi hədəfləyir.
SPORTİNFO.AZ

