Yuri Vernidub möcüzəni həqiqətə çevirə bildi.
"Neftçi" 3 illik aradan sonra avrokuboklarda çıxış edəcək.
"Ağ qaralar" Konfrans Liqasında mübarizə aparacaq.
Bəlkə də 4-cü olmaq, Konfrans Liqasına getmək "Neftçi" adına uyğun gələn ciddi uğur deyil.
Amma ukraynalı klubu hansı vəziyyətdə götürdü, hara gətirdi - Bax, bu çox önəmlidir.
Əcnəbi mütəxəssis gələndə kollektiv avrokuboklar zonasından çox uzaqda idi.
Hakimlər klubun əleyhinə çox ciddi səhvlərlə yadda qalırdı.
Parçalanma, gələcəyə böyük inamsızlıq hökm sürürdü. Mövsümün erkən başa çatdığını düşünənlər belə az deyildi.
Bütün bunların mərkəzində qalan Vernidub təmkinini heç pozmadı.
Sözünü meydanda dedi.
Qələbələri sıraya düzdü.
5 illik "Qarabağ" lənətinə son qoydu.
10 oyunluq "Sabah" tilsimisini qırdı.
Həm son çempionu, həm də hazırkı çempionu uddu.
Qələbələr şans hesabına yox, göstərilən normal futbolla qazanıldı.
60 yaşlı mütəxəssis bununla da kifayətlənmək istəmir.
O, "Sabah"la son görüşdən sonra bildirib ki, Konfrans Liqasına bir mərhələ adlamaq üçün getmirik.
"Neftçi"nin baş məşqçisi belə iddialı olmalıdır.
Hədəfləri böyük tutmalıdır.
Ümumiyyətlə, avrokuboklarda iştirak naliyyət sayılmır.
Əldə-ovucda qalan iştirak hüququnu əldə edəndən sonra orada nələr edəcəyindir.
Vernidub Premyer Liqadakı nəticələri və oyunu ilə boş sözlər danışmadığını göstərdi.
Qalır davamını Avropada gətirmək.
XANOĞLAN / SPORTİNFO.AZ

