“Neftçi” tarixi ilkin bir addımlığında - Hamı gözləyir!

20:00 Neftçi 236
“Neftçi” tarixi ilkin bir addımlığında - Hamı gözləyir!

Mayın 18-də futzal üzrə Azərbaycan çempionunun adına aydınlıq gələcək.

Bakı İdman Sarayında “Neftçi” İK “”Araz-Naxçıvan”la qarşılaşacaq.

Bu oyunun nəticəsinə uyğun olaraq çempionun adına aydınlıq gələcək.

Matç ərəfəsində dünya futzal tarixində nadir rast gələ biləcəyimiz maraqlı mənzərə yaranıb.

19 turdan sonra “ağ-qaralar” 52 xalla liderdir. Naxçıvanı təmsil edən komanda 49 xalla 2-ci pillədə qərarlaşıb. Top fərqində “Neftçi” (+167) rəqibini aşkar üstələyir (+141).

Bakılılar matçı qələbə ilə başa vursa, ya da oyun heç-heçə qurtarsa, məlumdur ki, “Neftçi” çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Bəs, “Araz” sevinən tərəf olsa necə?

Bu, baş verəcəyi halda komandaların şəxsi görüşlərinə və şəxsi görüşlərdəki top fərqinə baxılacaq.

Tərəflər cari mövsümdə 3 dəfə qarşılaşıb. Birində “Neftçi” 5:4 hesabı ilə qalib gəlib, digərində “Araz” eyni hesablı zəfərə sevinib, digər dueldıə “Neftçi” 4:2 üstün olub.

Naxçıvanlılar qalib gələcəyi halda xallar və şəxsi oyunlardakı qələbə-məğlubiyyət sayı bərabərləşəcək. Bu məqamda şəxsi görüşlərdəki top fərqi əsas götürüləcək.

“Neftçi” 1 top fərqi ilə uduzsa, üstünlük qazanacaq. 2 top fərqi ilə məğlub olsa, şəxsi oyunlardakı top fərqi bərabərləşəcək ki, belədə ümumi top fərqi ön plana çıxacaq. Burada “Neftçi”nin üstünlüyü var.

Bir sözlə, “Araz” çempion olmaq istəyirsə, lideri azı 3 top fərqi ilə udmalıdır. Yalnız bu halda “qızıl”a sevinmək mümkün olacaq.

Maraq üçün bildirək ki, “Araz” 2005-ci ildən bu yana 19 dəfə çempion adını qazanıb. “Neftçi” isə tarixi ərzində çempionluq tituluna qovuşmayıb.

“Araz” 2016-cı ildən bu yana ardıcıl 9 ilin çempionudur. “Neftçi” qələbə qazansa, özü üçün tarix yazacaq, rəqibinin yubiley rəqəmlərinin qarşısını alacaq.

Mayın 18-də Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 19:00-da çalınacaq. Tamaşaçılar üçün zala giriş pulsuzdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti