Qorxmasa, “Neftçi”nin “1 nömrə”si olar!

19:40 Neftçi 164
Qorxmasa, “Neftçi”nin “1 nömrə”si olar!

“Neftçi”nin qış fasiləsindən sonrakı yüksəlişində İmad Farajın əməyi böyükdür.

Yayda böyük ümidlərlə komandaya transfer olunan fransız cinah yarımmüdafiəçisi legioner statusunu qətiyyən doğrultmurdu. Sanki ağ-qara formanı geyinən həvəskar futbolçu idi.

İmad qaçırdığı qol fürsətlərini qola çevirə bilsəydi, “Neftçi” çoxdan “3-lük”dəydi. Son ötürmələrdə gecikir, qol imkanlarını sağa-sola xərcləyir, ikili mübarizələrdən açıq-aşkar çəkinirdi.

Hiss olunur ki, “Neftçi”yə gələnə qədər aldığı ağır zədə onu qorxudub.

Maşallah olsun, indi qol vurmaqla bağlı problemi yoxdur. Yaxşı ötürmələr də verir. Sol cinahda rəqib müdafiəçilər üçün baş ağrısı yaratmağı bacarır.

Yuri Vernidub gələnə qədər 13 oyunda aktivinə 3 assist yazdıran Faraj ukraynalı çalışdırıcının rəhbərliyi altında meydanda olduğu 16 matçda 6 qol vurub, 3 məhsuldar ötürmənin müəllifinə çevrilib.

“Ağ-qaralar”ın məhsuldarlığında “11 nömrə”nin ciddi payı var. “Zirə” və “Araz-Naxçıvan”la görüşlərdə vurduğu vacib qollar, verdiyi məhsuldar ötürmələr elə-belə olmayıb ha.

İmad bundan da yaxşısını edə bilər və etməyə qadirdir. Sadəcə bir nöqsan var ki, ona əsl bacarığını ortaya qoymağa imkan vermir.

Qorxaqlıq!

Bəli, Faraj ikili mübarizələrdən ehtiyat edir. Qorxur, çəkinir.

Bir də baxırsan ki, topla irəlilədiyi vaxtda kənardan cüssəli rəqib futbolçunun gəldiyini görüb ayağı-ayağına dolaşır, özünü itirir, yıxılır, cərimə zərbəsi istəyir və sair.

Ya da, əlverişli mövqedən irəliləyib qapı qarşısına ötürmə etmək fikrinə düşəndə, qarşısındakı rəqibdən çəkinib arxasını çevirir, topu komanda yoldaşına ötürür.

“AEK Larnaka”da aldığı zədə gözünü qorxudub. Yenidən “sınmaq” təhlükəsi onu narahat edir. Qorxunu içindən ata bilsə, əminliklə deyirəm, İmad Farah “Neftçi”nin “1 nömrə”si ola bilər. Hətta Emin Mahmudovla Freddi Varqasdan daha yaxşı, daha məhsuldar, daha faydalı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti