Hər şey öz əlimizdədir artıq - «Neftçi» son həftələr meydana bundan güc alaraq çıxır.
Həqiqəti gec də olsa anlayıb futbolçular.
Dalana dirənməkdən zinhara gələn komanda sürətli əks-hücumunu davam etdirir bu periodda.
Komandanı Samir Abasovdan doqquzuncu pillədə təhvil almış Yuri Vernidubdan bərk-bərk yapışmağa dəyər.
Dördüncü yer «Neftçi»ni Konfrans Liqasına yaxınlaşdırıb - indi bu pillədədirlər.
«Neftçi» başqası, özgəsi, «x» biri kimi oynamadı dünən. Elə «Neftçi» kimi oynadı.
47-ci saniyədə Emin Mahmudovla hesabı açan ev sahibləri sonuncu dəqiqəyə qədər əla - sürətli, ağıllı və güclü mübarizə apardı.
Hər iki cinahdan həmlə təşkil edən, mərkəzdə pressinqdən əl çəkməyən, kənar müdafiəçilərini irəli çıxaran «Neftçi» oyunu, əzmi, istəyi göz oxşadı.
Breno Almeyda düşərgəyə 3 ay qabaq qoşulub. Braziliyalı vinger yalnız indi-indi adaptasiya prosesini keçməkdədir.
«Neftçi»nin ön xətdə məhsuldar və gücü təsir bağışlaması Almeydanın qatqısı ilədir.
Luis Ortis komandaya ötən ilin yayında gələnlərdəndir. Paraqvaylı yeni transfer kimi döyüşür amma. Əvvəl belə mücadilə etmirdi, ehtiyatda qalırdı.
Vernidub Ortisə necə ürək-dirək veribsə, quş kimi süzür öz cinahında. Bax, indi izləməyə dəyər bu «Neftçi»ni.
ELNUR

