O gün Boris Xetaqurovun barəsində yazılan “ 50 il futbolda” kitabının təqdimat mərasimiydi.
İnsanların 50 yaşa çatmaqda çətinlik çəkdiyi dövrdə tanınmış həkim ömrünün 50 ilini futbola həsr etməklə bu idman növünü həyatının bir parçasına çevirib.
Əminəm ki, Xetaqurov soyadı deyiləndə, ağıllarda “Neftçi” canlanır. Çünki Boris Nanayeviçin iş fəaliyyətinin 80-90 faizi “ağ-qaralar”la bağlı olub.
“Neftçi”nin ən gözəl vaxtlarını görüb, ən parlaq dönəmlərində klubda çalışıb. 1966-cı ildə qazanılan “bürünc”dən tutmuş, komandanın 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına qədər bütün mümkün uğurların canlı şahididir.
Ən məşhur futbolçuların sağlamlığının qeydinə qalıb, müalicə edib, yanlarında olub, sağaldıb, həyat verib. Ona görə də kitab təqdimatında “Neftçi”nin qocaman futbolçuları Xetaqurovun yanında olmağı özünə borc bilmişdi.
Təəssüf ki, Boris Nanayevin illərdir “Neftçi”dən uzaq düşüb, klubun avtobusunun daxilindəki ab-havanı hiss etmir, bazanın havasını udmur, kollektivlə birlikdə sevinc yaşamır.
Başa düşürəm, yaşa dolub, bu gün-sabah 90 illik yubileyini qeyd edəcək. Gənclərə şans vermək, onların xidmətindən yararlanmaq lazımdır.
Amma söhbət “Neftçi”nin yaşayan tarixindən gedirsə, bu gün onun komandanın içində olmasından gözəl nə ola bilər?
İşləməsinə gərək yoxdur. Heç maaş da lazım deyil. Formal, məsələn, aylıq 500-600 manat yolpulu, cib xərcliyi ödəməklə Boris Xetaqurovun “Neftçi”nin yanında olmasına şərait yaratmaq mümkündür.
Hər klubun daxilində onun canlı tarixi yaşamalıdır. 1966-cı ildən bu günə qədər sağ qalan tək-tük adamlardan biri Nanayeviçdir.
Səfər oyunlarında komandanın avtobusunda əyləşməsi düşərgədəki hər kəsə əsl “Neftçi”nin qoxusunu hiss etdirə bilər.
Ev oyunları zamanı VİP-lojada, yaxud texniki zonanın yanındakı oturacaqlardan birində oturması “Neftçi”nin ruhuna müsbət təsir edər.
Tarixi qorumaq, ona hörmət etmək hər birimizin borcudur. Əminəm ki, klub rəhbərliyi ən qısa zamanda Boris Xetaqurovu yenidən “Neftçi”nin formasını əynində daşımasına şərait yaradacaq.
Təsəvvür edin, günlərin birində “Neftçi”dən Azərbaycanın 85 yaşlı Əməkdar Həkiminə zəng edib deyirlər ki, Boris Nanayeviç, sabah filan saatda hazır olun, sizi evdən götürüb bazaya gətirəcəyik və həmin saatdan etibarən “Neftçi”dəki fəaliyyətiniz bərpa olunacaq. İşləməyəcəksiniz, sadəcə canlı tarix kimi yanımızda olacaqsınız.
“Neftçi”nin hazırkı rəhbərliyi bunu edər, mütləq edər.
Qaytarın, lütfən, onu “Neftçi”yə qaytarın.
HƏBİB / SPORTİNFO.AZ

