Bir müddət əvvəl "Neftçi"nin bir oyunçusu mənə maraqlı etiraf etmişdi.
Şəxsi söhbət əsnasında soruşmuşdum ki, hər şey var, amma uğur gəlmir. Nədir problem? Geniş cavab vermişdi.
Bu hissəsi xüsusi diqqətimi çəkmişdi:
"Neftçi" klub olaraq ayağının altını görmək istəmir. Bütün rəqiblərini isə ayağının altında hiss edir. Meydanda, meydandan kənarda rəqib oyunçulara münasibətdə belə bu hiss olunur. Belədə hər kəs bizə qəzəbli, düşmən kimi baxır. İlk öncə daxildə bu cür psixologiyanı dəyişmək lazımdır".
Bəli, "Neftçi" ölkənin ən köklü klubdur.
"Qarabağ"ın son uğurlarına qədər ən titullu klubu olub.
Hər kəs gözünü açıb "Neftçi"ni görüb. Sözün həqiqi mənasında xalqın komandası olub.
Müstəqillik illərində uzun müddət çempionluğun bir nömrəli favoriti olub.
Hamısı keçmiş zamanda.
İndi isə dövr dəyişib.
"Neftçi" əvvəlki əzəmətindən çox uzaq düşüb. Komandanın son 15 ildə bir dəfə çempion olması, son iki mövsümdə avrokuboklardan belə kənarda qalması ciddi siqnaldır.
Bu faktları bütün "Neftçi" sevərlər unutmamalıdır.
Məsələn, "Neftçi"də çempionluqdan başqa istənilən nəticə uğursuzluqdur" mifini elə həmin "Neftçi"lilər özü dağıtmalıdır.
Həqiqət payı nə qədər çox olsa da, cümlə o qədər ağırdır ki, əksəriyyət altında qalır/əzilir.
Təhlükəli psixologiyanı dəyişmək asan deyil. Amma Yuri Vernidubun bəzi açıqlamaları bu istiqamətdə gələcəyə ümid verir.
Sanki o məhz futbolçunun mənə yuxarıda dediyi yanaşmanı "Neftçi"də dəyişmək istiqamətində addımlar atır.
Ukraynalının "Karvan-Yevlax"la görüşdən sonra dedikləri:
"Birinci oyunda "Qarabağ"a 1:5 uduzmuşduq. O, mənim üçün çox ağır zərbə idi. Ona görə də ikinci oyunda fərqli formada oynadıq. Psixoloji yorğunluq elə idi ki, bəlkə də artıq nəsə deyə bilərdim. Ona görə də suallara cavab verməmək qərarı verdim. Bir daha üzrxahlıq edirəm".
5 illik həsrətə son qoyan məşqçi mətbuat konfransında cəh-cəh vura bilərdi. Lap özünü dağın başına qoya bilərdi.
Hətta "Qarabağ"ın, həmkarı QurbanQurbanovun ünvanına söz ata bilərdi. Haqqı da vardı. Amma sakit olmaq yolunu seçdi. Artıq bir kəlimə belə işlətməkdən ehtiyat etdi.
Suallara cavab vermədiyinə görə son iki mətbuat konfransında yalan olmasın üst-üstə 5 dəfə mətbuat nümayəndələrindən üzrxahlıq edib.
Bu böyük adamlara xas yanaşmadır. "Neftçi"nin baş məşqçisi olan hər adam bunu deyəcək qədər eqosunu boğmaq gücündə ola bilməz. Ümumiyyətlə, son illər beləsi heç olmayıb da.
Bəzən geriyə atılan bir addım irəli atılacaq növbəti beş addımın zəmanəti ola bilər.
Və ya Vernidubun ölkə kubokunun finalı ilə bağlı açıqlamasına diqqət edək:
"Mənim "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim etik deyil. Kim güclüdürsə, o da qalib gəlsin. Bizə "Sabah"ın qələbəsinin daha uyğun olmasına baxmayaraq, heç vaxt hansısa rəqibimə pis şey arzulaya bilmərəm. Çünki həyat bumeranqdır. Bu, nə vaxtsa bizim başımıza gələ bilər".
Nə qədər peşəkar, nə qədər dürüst açıqlamadır.
Artıq dövr dəyişib, bu gün xalqın komandası tək "Neftçi" deyil.
"Xəzər Lənkəran"ı var, "Qarabağ"ı, "Turan"ı, "Kəpəz"i var.
Və Vernidub nəinki adını çəkdiyim tarixi olan klublara, hətta dünən yaranan "Sabah"a, "Zirə"yə hörmətlə yanaşır.
Ən doğru olanı da budur. Məncə, çalışdırıcı son illər "Neftçi"nin başına gələn ən gözəl hadisədir. Klub ondan bərk yapışmalı, hələ uzun illər birgə yol addımlamalıdır.
Onda çempionluq da gələcək, Avropa səhnəsində uğurlar da.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

