Kenan Piriç ötən yay qalmaqallı şəkildə "Neftçi"yə qoşulmuşdu.
Bakıya bileti alınan kiper son anda ölkəmizə gəlməkdən imtina etmişdi.
Böyük ehtimal məqsəd qiymətini daha da qaldırmaq idi.
Bəlkə də niyyətinə çatdı...
Hər halda, Polşa təlim-məşq toplanışının sonuna 1 həftə qalmış komandaya qoşuldu.
Elə ilk gündən də oldu əsas qapıçı.
Hətta vitse-kapitanlıq sarğısı belə verildi.
Cəmi bir neçə tur baxmaq mənə bəs etdi ki, 31 yaşlı əlcək sahibinin səviyyəsini müəyyən edək.
İlkin diaqnozum pozitiv deyildi. Bu adam "Neftçi"nin yükünü daşıyacaq səviyyədə deyil. Bəzən səhvləri ilə yadda qalır, ən yaxşı halda səhvsiz sıradan bir qapıçıya çevrilirdi.
Nəhayət, "Qarabağ"a 1:5 hesablı məğlubiyyətdən sonra Yuri Vernidub onu Emil Balayevlə əvəzlədi.
Millimizin sabiq üzvü həm "Qarabağ"la ikinci, həm də "Karvan-Yevlax"la sona matçda meydanın ən yaxşılarından biri idi.
Əminəm ki, Rza Cəfərov da düşərgədə qalsaydı, bu gün Kenan Piriçdə geri qalmazdı.
Əgər komandada Balayev, Cəfər kimi öz yetirmələrin varsa, Kenan kimilər nəyə lazımdır axı?
Özü də bu qədər nazına dözüb, kaprizlərinə göz yumub, kapitanlıq sarğısı vermək bahasına.
Dəyməz!
XANOĞLAN / SPORTİNFO.AZ

