“Neftçi”də əhval-ruhiyyə pikə qalxıb.
“Qarabağ” üzərində qazanılan qələbə sayəsində (2:1) turnir cədvəlində “Zirə”ni qabalayaraq 4-cü pilləni ələ keçirən “ağ-qaralar” bu dəfə bölgədə meydana çıxacaq.
Rəqib Premyer Liqanın sonuncu pilləsindən qurtula bilməyən, son 3 oyunda 2 qələbəyə sevinən “Kartvan-Yevlax”dır.
Paytaxt təmsilçisi cari mövsümdə Yevlaxa etdiyi iki səfərdə qələbəni bayram edib. “Karvan-Yevlax”la dueldə 2:1, “Kəpəz”lə qarşılaşmada 3:1 hesablı qalibiyyətlər “ağ-qaralar”ı həvəsləndirib.
Lakin bu dəfə əvvəlki oyunlardan da çətin olacaq. Elitadakı yerini qorumaq üçün meydan sahibləri 3 xal üçün əlindən gələni edəcək.
“Neftçi”nin lüksemburqlu hücumçusu Alessio Kurçi Sportinfo.az-a açıqlamasında qarşılaşmanı dəyərləndirib:
“Sintetik meydanda oynamaq hər zaman çətindir. Udduğumuz oyunlarda belə, çox əziyyət çəkmişdik.
Bu dəfə də eyni şərtlər altında mübarizə aparacağıq. Sözsüz, çətin olacaq. Bəlkə də daha çətin.
Əsas odur ki, oyuna köklənməni itirməyək, rahatlanmayaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Kurçinin “Karvan-Yevlax” “Neftçi”ni uda bilər?” sualına cavabı bir sözdən ibarət olub:
“Xeyr”.
Mayın 5-də Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 16:00-da çalınacaq.
HƏBİB

