AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tribunalın qərarına əsasən, paytaxt təmsilçisinin bir şikayəti təmin edilməyib, digəri isə araşdırma üçün təxirə salınıb.
Belə ki, Misli Premyer Liqasında 23-cü turun “Neftçi” - “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi”nin 8000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı öz qüvvəsində saxlanılıb.
Bundan başqa, sözügedən matçda "ağ-qaralar"ın azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi”nin 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımdan təxirə salınıb.

