Üç-dörd gün içində bir komandanın dəyişməsi qeyri-mümkündür.
Qurban Qurbanov 5:1-dən sonra bir açıqlama vermişdi.
Hesabın futbolçularına verəcəyi rahatlıqdan narahatlığını dilə gətirmişdi, dilinin altında gizlətməmişdi.
O da oldu. «Neftçi» 2:1-lə beşillik tilsimi qırdı, «Qarabağ»a qalib gəldi, «Sabah»ı tarixində ilk dəfə çempion etdi, özü dördüncü pilləyə yüksəldi.
Bütün bunlar necə baş verdi? Heç zad, sadə bir üsulla.
Yuri Vernidub ötən bazar etdiyi taktiki səhvləri anladı, onları düzəltdi. Korşanmış təcrübənin tozunu almaq «Neftçi»ni dəyişdirdi.
Azərbaycanda hər komanda «Qarabağ»la açıq futbol oynaya bilməz. Bu, «Neftçi» üçün hələ çox tezdir.
Vernidub birinci bunu anladı.
«Qarabağ»a qarşı oynayırsansa, iki müdafiə səddi qurmalısan. Məsafəni sıx tutmalı, cərimə meydançası daxilində «blok» yaratmalısan.
Ara boşluğu versən, bir ötürməylə qapının ağzında boş zonaya çıxacaqlar - keçən derbidə olduğu kimi. Vernidub ikinci bunu anladı.
Kapitan Emin Mahmudov müdafiənin köməyinə gəlib top çıxarmayacaqsa, Freddi Varqas sol ayaqla qapı önünə asma etməyəcəksə, Emil Səfərov orta sahədə rəqibin «ayağına oturmayacaqsa», «Neftçi»yə «Qarabağ»la qarşılaşmada çörək yoxdur.
Vernidub üçüncü bunu anladı.
İvan Periç əvvəlki derbidə qapısında 5 qol görmüşdü. Bosniyalı dünən yenə əlinə əlcək geyinsəydi, «Neftçi»nin müdafiə xətti bu qədər inamlı təsir bağışlamayacaqdı.
Yanaşı oynadıqları onun orada dayanacağını bildiyi anda elə dilxor olur ki... Çox səhvə yol verib, indiyədək, ona görə.
Emil Balayevin «çərçivə» önünə keçməsiylə birinci zonada ümid yarandı.
Təcrübəli yerli möhtəşəm qurtarışlarıyla yoldaşlarını ürəkləndirdi, özgüvənini artırdı. Kaş Balayevə bunadək belə bir etiimad göstərilərdi.
Vernidub dördüncü bunu anladı.
Dünən «Neftçi»nin futbolçuları saqqız kimi «Qarabağ»lılara yapışdı, başla iki qol vurdu. Bu klubda kim çalışırsa, «Neftçi» azarkeşinə borcu var. Xidmət borcudur o borc.
Çətin gündə komandanın yanından çəkilməyən fanata «Neftçi»nin simpatizanı olmağın sevincini yaşatmaq üçün hər topun altına başını qoymalısan, ayağını gizlətməməlisən.
Vernidub beşinci bunu anladı.
ELXAN

