Ardıcıl 4 qələbə və Zirə səfərinin son dəqiqəsində qaçırılan 3 xal Yuri Vernidubu yanıltdı.
O, eyni zamanda bir xətaya yol verdi. Çalışdırdığı «Neftçi»ni «Sabah»la səhv saldı.
Fərz etdi ki, Aron Maluda, İvan Lepinitsa, Coy-Lens Mikels, İvan Simiç kimi futbolçular onun komandasındadır. Ukraynalının taktiki «çp"si derbidə böyükhesablı məğlubiyyətə yol açdı.
Futbolda hər səhv bir naxış sayılmır. Belə bir praktika msövcud olsaydı, çoxdandır öz futbolundan uzaq düşən «Qarabağ» psixoloji və fiziki yorğunluqdan əziyyət çəkdiyi çağda prinsipial rəqibinin qapısına 5 qol vurmazdı.
Vernidub üçüncü zonada geniş pressinq etmək tapşırığı verəndə, hesablamadı ki, orta sahədə yer alan futbolçuları bu dinamikaya nə qədər dözə bilər.
Varqas, Emin Mahmudov, Emin Səfərov kimi oyunçuların sürətini, fiziki gücünü öz gözündə çox şişirtdi, «Qarabağ» topla zarafatlaşa-zarafatlaşa məqsədinə çatdı.
Azərbaycanda yalnız «Sabah» bu futbolu oynaya bilir. «Neftçi» və digər komandaların onlara çatmasına çox var hələ.
Özlərini aldatmasınlar, «Sabah»ın oyunçu səviyyəsi hamısından üstündür.
Maluda bir topsuz manevri ilə «Qarabağ»dan beş-altı nəfəri oyundan düşürür və sürətli əks-hücuma yol açır, «Neftçi»də beləsi yoxdur.
Lepinitsa əjdaha forma yığıb, əksər «ikinci toplar»ı götürür və ani ötürməylə rəqibi azlıqda yaxalayan vingerləri boş zonaya çıxarır. «Neftçi»də yenə beləsini yenə tapmazsız.
Mikelsin bir ayağında olan qol hissiyatı Bassala Sambunun nə iki ayağında var, nə başında - Vernidub hələ də bu fərqi görməkdən məhrumdur?
«Neftçi» transferlərə ən çox klub ola bilər. Valdas Dambrauskas quş gətirəndə, Samir Abasov da gedib bayquş gətirib.
Yüksək maaş cədvəlinə qol çəkən, amma keyfiyyət cəhətdən «Sabah»ın legionerlərinin əlinə su tökməyə layiq olmayan dərəcədə zəif əcnəbilərlə doldurub «Neftçi»ni.
Əlbəttə, «Neftçi» avrokuboklara ən real namizədlərlə oyunlarda uğurun üzünə həsrət qalırsa, bunda ən böyük günahkar keçmiş baş məşqçidir. Ancaq Yuri Vernidub da yaxasını kənara çəkməməlidir.
Çünki o, hara gəldiyini öncədən bilirdi, bu futbolçuları tanımaq fürsəti olmuşdu. Aradan isə 5 aya yaxın vaxt keçir, hamısı bu müddətdə onun gözünün qabağında olub.
«Neftçi»ni «Qarabağ»a qarşı «Sabah» kimi oynatması bir baş məşqçi kimi Vernidubun əlinin altındakıları hələ də çözməməsi anlamına gəlir.
Yorğanına bax, ayağını ona görə uzatmadı, «Sabah» olmağa tələsdi, düşdü «Qarabağ»ın «quyu»suna.
MUSA

