1:5.
«Neftçi» düz 5 ildir «Qarabağ» üzərində qələbəni yadırğayıb.
Bu həsrətin ən azı daha bir neçə gün sürməsi gözlənilir, çünki qarşıda onların təxirə salınmış daha bir oyunu var.
Yuri Vernidub gələndən sonra bəlkə nəsə olar, bəlkə nəsə dəyişər… Bu, ümid bir həftəyə öncəyə kimi optimihm yaratmışdı, qüvvədə idi.
Premyer Liqada ardıcıl dörd qələbənin davamı Zirədə İnqilab Məmmədov tərəfindən qırılana kimi. Son dəqiqələrdəki həmin qalmaqallın epizodun ağırlığı ukraynalının yenicə tikməyə başladığı hasarı bir zərbəyə uçurtdu.
Malası qurumamış divara sərt bir toxunuş necə təsir edərsə, o hadisə də «Neftçi»nin özgüvənini eləcə qırdı.
Keçən yay Samir Abasovun sinidə gətirib «Neftçi»yə urcah etdiyi futbolçulara bir «quş»! Hazırda turnir cədvəlində ondan yuxarıda gedən üç rəqibin heç birinə qalib gələ bilməyən komandanı yığan odur.
Əvvəlki baş məşqçinin folrmalaşdırdığı heyətlə yalnız ortababları və autsayderləri üstələmək mümkündür. Samir Abasov bunu da edə bilmədi, yenə Yuri Vernidub edir.
Amma ki… Avrokuboklara birbaşa iddialılarla başabaş mübarizə aparmaq, məğlub etmək hazırkı baş məşqçinin də başı üçün deyil.
«Neftçi» futbolçularına ən çox maaş ödəyən klubdur. Çi fayda, əməl (nəticə) dəftərində mənzərə tam fərqlidir.
Maliyyə cədvəli ilə turnir cədvəli üst-üstə düşmür, deməli, Samir Abasovun zamanında həyata keçirilən transfer əməliyyatlarının pərdəarxasını araşdırmaq mütləqdir.
Medalın o üzü heç də ağappaq görünmür. Bəzi qaraltıların kölgəsi nəzərə çarpır.
«Neftçi» ilk 10-15 dəqiqəni çıxmaq şərtiylə sürətdə «Qarabağ»a uduzdu. Emin Mahmudov və Elvin Bədəlov çarpışdı, digərləri isə nə rəqiblə ayaqlaşdı, nə topla.
Harada və necə pressinq edəcəyini bilməyən Varqas, cinahda ayaqlarını arxasınca güclə çəkən Ştoqrin, mövqe seçimində «dünənki uşaq» durumuna düşən Ribeyro…
«Neftçi» belə böyük hesabla uduzmağa məhkum idi.
Deyək ki Vernidub yurlipərəstlik etdi, Ştoqrini əsas heyətdə oynatdı, «Neftçi» yalnız ona görə darmadağına məruz qalmadı axı.
Komple səhvlər iki komandanın səviyyəsi arasındakı uçurumun dərinliyinin ölçüsüdür.
Topa ilk toxunuşlar sürətli və düzgün deyilsə, önə açılmırsa, boş zonaya istiqamətlənmirsə, bir əlinlə başını, digər əlinlə dizini döyəcəksən.
Cəzalı Vernidub da tribunada o acını yaşadı. Çarəsi hər yerdən kəsilmiş baş məşqçi kimi.
MUSA

