"Neftçi" və "Rapid"dən eyni addım, fərqli sonluq

8 Avqust 2022 17:00 Neftçi 1 070
"Neftçi" və "Rapid"dən eyni addım, fərqli sonluq

“Neftçi” 3 gün sonra Vyanda taleyüklü matça çıxacaq.

Komanda bütün fikrini həmin matça yönəldib. Əbəs deyil ki, Premyer Liqanın “Şamaxı” oyununda Regekampf “Rapid” üzərində qələbə qazanan bütün heyəti yenisi ilə əvəzləmişdi.

Yalnız Emin Mahmudov, Mamadu Mbc və Yusif Laval ikinci yarı meydana daxil oldusa, digərləri istirahətə göndərilmişdi. Ki, səfərdəki döyüşə tam hazır olmaq üçün.

Ruminıyalı mütəxəssis qərarında yanılmadı da. Az güc sərf etməklə 3 xalı götürüb Bakıya qayıtdı.

Onları gözləyən “Rapid” də 11-ı tarixinə ciddi hazırlaşır.

Rəqib dünən daxili çempionatın üçüncü turunda “Austriya”nı qəbul edirdi.

Regekampfın həmkarı da eksperiment heyətlə komandasını meydana buraxmışdı. Amma bir fərq var ki, Ferdinand Feldhofer büsbütün yox, cəmi 5 futbolçunu ehtiyata göndərmişdi. Bunlar müdafiəçilər Kevin Vimmer, Martin Kostselnik, Mixael Sollbauer, yarımmüdafiəçilərdən isə Morits Osvald, Bernhad Zimmerman idi.

Sollbauer və Osvaldın adı ümumiyyətlə oyunun iştirak ərizəsində yox idisə, Vimmer sona kimi ehtiyatda qaldı. Amma Kostselnik 62-də, Zimmerman isə 75-də meydana daxil oldular.

“Neftçi”dən fərqli olaraq “Rapid”in az güc sərf etməklə qələbə qazanmaq istəyi baş tutmadı. Əslində hər şey plan üzrə gedirdi.

"Neftçi" ilə oyundakı taktiki sixemlə meydana çıxan Feldhoferin yetirmələri istədiyi qolu ilk hissədə qonaqların qapısından keçirməyi bacardı.

“Baksel arena”da sonuncu dəqiqədə fərqlənən Qvido Burqştaller bu dəfə 21-ci dəqiqədə adını tabloya yazdırdı.

Qvidedan söz düşmüşkən təcrübəli “9 nömrə” 62-ci dəqiqədə əvəzlənərək “Neftçi” ilə oyun üçün daha çox dincəlməsi məsləhət görüldü. Bunda cəmi 4 dəqiqə əvvəl Ante Bayiçin qırmızı vərəqə alaraq meydandan çıxması da rol oynadı.

43 yaşlı mütəxəssis müdafiəçi Kostselniki meydana buraxmaqla nəticəni qorumağa çalışdığını göstərdi. Amma onun bu istəyi cəmi 8 dəqiqə baş tutdu.

70-ci dəqiqədə qonaqların vurduğu qol “Rapid”in “Neftçi" önünə xal itkisi ilə çıxmasını rəsmiləşdirdi.

Könül istər ki, “Austriya” ilə matçda yaşanan ssenari “Neftçi” ilə oyunda da təkrarlansın. Bu ümidlə gözləyək 3 gün sonranı...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti