Çempionlar Liqası və Premyer Liqanın startı ərəfəsində “Neftçi” ciddi itki ilə üzləşdi.
Bakılıların “10 nömrə”si Boludakı toplanışda ciddi zədə alaraq vətəninə yollandı.
Paraqvayda əməliyyat olunan solaxay yarımmüdafiəçinin bu il yaşıl meydan üzünə həsrət qalacağı məlum oldu.
İndi ortaya çıxan əsas sual “Neftçi” rəhbərliyinin hansı addım atacağıdır. Sezarın “ağ-qaralar”la müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Bu il oynamayacaq, zədəsini sağaldandan sonra hansı vəziyyətdə olacağı isə sual altındadır.
Adətən bu cür hallarda klub rəhbərliyi uzun müddətə sıradan çıxan futbolçu ilə danışıq masası arxasında əyləşib ortaq məxrəcə gəlir.
Müəyyən təzminat qarşılığında zədəli futbolçu ilə yollar ayrılır. Lakin rəhbərdən rəhbərə də fərq var. Bəziləri sona qədər gözləməyi, futbolçunun uğurlu dönüşünə ümid etməyi üstün tutur.
Maraqlıdır, “Neftçi”nin məlum məsələ ilə bağlı mövqeyi necədir? Başbilənlər nə düşünür?
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a mövzu ilə bağlı danışıb:
“Sezar Meza Kolli komandanın düşərgəsində zədələnib, ölkəsində əməliyyat olunub və Bakıya qayıtmasını gözləyirik. Hələ ki, onunla hansısa danışıq aparılmayıb.
Bir müddətdən sonra Bakıya qayıdacaq. Bu gün məsələ ilə bağlı konkret nəsə deyə bilməyəcəyəm. Dəqiq olan odur ki, Sezar hazırda “Neftçi”nin futbolçusudur”.
2020/21 mövsümündə “Neftçi”nin heyətində çempion olan 30 yaşlı futbolçu 2021-in yayında klubla 2 illik müqavilə bağlamışdı.

