“Neftçi” Kipr səfərində “Aris”ə 0:2 hesabı ilə məğlub olmaqla işini xeyli çətinə saldı.
Komandadakı baş məşqçi dəyişikliyindən və yeni futbolçuların qoşulmasından sonra “ağ-qaralar”ın çətinlik çəkəcəyini gözləsək də, təmsilçimizin bu dərəcədə miskin görünəcəyini təsəvvür etmirdik.
Limasolluların bəxti gətirsəydi, son saniyələrdə 3-cü qolu da vurub mərhələnin taleyini həmin gün həll edəcəkdi.
Qarşıda cavab oyunu var. Həmin qarşılaşmada “Neftçi” mərhələ adlamaq üçün ya 3 top fərqi ilə qalib gəlməli, ya da əsas vaxtı 2 top üstünlüklə başa vurub penalti zərbələrində rəqibini üstələməlidir.
Cümə axşamkı matçda “Neftçi”nin xeyrinə işləyəcək amil doğma meydan və azarkeş dəstəyi olmalıdır. Ağır məğlubiyyətdən sonra fanatların “Bakcell Arena”nı doldurub-doldurmayacağı sual doğurur.
Bakılıların əsas azarkeş ordusu olan “Forza Neftçi” ilk oyundan sonra sosial şəbəkə hesablarında susqunluq nümayiş etdirdi. Fəalların hansısa paylaşımına və şərhinə rast gəlmədik.
Olmaya azarkeş qrupu oyunu boykot etmək qərarına gəlib? Yaxud, həmin qarşılaşma ilə bağlı hansısa addım atmağa düşünür?
“Forza Neftçi”nin fəallarından olan Zamin Əliyev Sportinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Heç bir boykotdan, yaxud addımdan söhbət gedə bilməz. Forza “Neftçi” tam tərkibdə stadionda olub, “Neftçi”ni dəstəkləyəcək.
0:2 uduzub deyə, komandaya arxa çevirməyəcəyik ki. Üstəlik, belə bir vəziyyətdə.
Əksinə, tribuna dolu olmalıdır ki, futbolçular ruhlansın, mərhələ keçmək asanlaşsın. Yeni baş məşqçi gəlib, yeni legionerlər var.
Fikrimcə, ilk matçdakı çaşqınlıq buna görəydi. İnşallah, azarkeşlərin dəstəyi sayəsində “Neftçi” mərhələni adlayacaq”.
“Neftçi” ilə “Aris” arasındakı cavab görüşü iyulun 28-i “Bakcell Arena”da baş tutacaq.
HƏBİB

