“NEFTÇİ”: Ona sual verməyəcəklər - Hesab soracaqlar, hesab!

22 İyul 2022 23:40 Neftçi 1 962
“NEFTÇİ”: Ona sual verməyəcəklər -  Hesab soracaqlar, hesab!

“Neftçi” cəbhəsində yenə məyusluq, yenə ümidsizlik yaşanır.

Halbuki ötən mövsümün sonu Samir Abasovla yollar ayrılanda başqa vədlər verilirdi.

Böyük planlardan, böyük uğurlardan, böyük gələcəkdən danışırdılar. "Neftçi" sevərlər də bu vədlərə böyük ümid bəsləyirdi. Amma...

Əslində Mamadu Mboc kimi birisi Regekampfın sevimli oyunçusuna çevriləndə mənə çox şey aydın olmuş, aydınlığa çıxmışdı. Amma gözləmək lazım idi.

Ən azı Kiprdəki matça baxmaq, sonra danışmaq daha məqsədəuyğun olardı.

Baxdıq və növbəti dəfə bütün vədlərin fıs olduğu, yalan olduğu ilk cəhddə, ilk fürsətdəcə üzə çıxdı.

Dünən “Aris”lə matç nəinki bu gün üçün, hətta sabah, o biri gün üçün də fikir bildirməyə, iddia səsləndirməyə yetərli oldu.

Kimsə deməsin ki, bir oyunla nə gələcək?

Bəli, bəzən bir oyun da yox, bir hissə belə fikir bildirməyə, proqnoz səsləndirməyə imkan verir. Ki, dünən də buna şahid olduq.

İlk 45 dəqiqə belə “Ağ qaralar” haqqında fikir yürütməyə əsas verdi. Komandada nə bir oyun dəsti-xətti sezilirdi, nə də komanda ruhu.

Ümumiyyətlə, futbolçuların nə etmək istədikləri görünmürdü. Rəqib hələ nə Kiprin APOEL-i idi, nə də "Omoniya"sı.

Avrokuboklarda ilk dəfə çıxış edən “Aris” idi, “Aris”. Nə heyəti bizdən yaxşıdır, nə də büdcəsi. Amma meydanda “at oynadan” tərəf ilk dəqiqədən kiprlilər idi.

Bu fikirlər ağlımızdan keçəndə hələ hesab 0-0 idi. Amma ikinci yarıda vurulacaq qolların siqnalları eşidilməkdə idi.

Amma rumıniyalı Regekampf eşitmədi, eşitmək istəmədi. Əgər “Neftçi” belə oyunla yadda qalacaqdısa, elə Samir Abasov və futbolçuları qalardı da.

Pulları havaya sovurub, yeni əcnəbi mütəxəssis, yeni əcnəbi oyunçular gətirmək nəyə lazım idi? Axı Abasovun komandası ən azı bundan pis deyildi, bəlkə də daha yaxşı idi.

Biz sual veririk, cavablaya və ya sualdan qaça bilərsiniz. Amma bir həftə sonrakı cavab qarşılaşmasında Regekampf hücum futbolu oynatması barədə haqqında dolaşan əfsanələri həqiqətə çevirməsə, fədəkar

“Neftçi”sevərlər ona sual verməyəcək.

Hesab soracaq, hesab! Gözləyək...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!