"Neftçi"ni "Aris"ə kim uduzdurdu: Regekampf, yoxsa Əzizov?

22 İyul 2022 09:40 Neftçi 3 992
"Neftçi"ni "Aris"ə kim uduzdurdu: Regekampf, yoxsa Əzizov?

Bir ay əvvəl İsveçrədə atılan kor püşk ətrafında müzakirə açanda, mütləq əksəriyyət «Neftçi»nin bəxtinin gətirdiyini deyir, mətbuat bu haqda yazırdı.

Deyirdik və yazırdıq ki, «Zirə» və «Qəbələ»yə baxanda, ən münasib rəqib «Neftçi»nin yolunun üstünə çıxıb.

Xəyal qururduq, hesab-kitaba baş vururduq, «bu komanda «Aris»i də udmayıb kimi udacaq?» kimi proqnozlar səsləndirirdik.

Biz saydığımızı sayaq, görək, Lorentsiu Regekampf nə sayır! Bir aydır görəvə gəlmiş rumıniyalı hələ də futbolçuları tanıya, onlara komanda donu biçə bilməmiş…

Çox təəssüf! Min təəssüf!

Özünü güclə yerindən dəbərdən, Allahdan sürəti olmayan Mamadu Mbodcu müdafiənin cinahına çəkən bir ağıllı gördüm, o da bu baş məşqçidir.

Deyəsən, Regekampfı iş başına əyləşdirəndə rəhbər şəxslər onunla bir özgə cür anlaşıb.

İmınımı yandırmaq istəmirəm, ancaq mənə elə gəlir ki, rumına «transferləri biz edək, sən də komandanı istədiyin cür oynat, bu işlərə qarışmayacağıq» deyiblər.

Yoxsa onlardan biri oyundan əvvəl Regekamrfa yaxınlaşıb qulağına pıçıldayardı ki, «kişi, nə edirsən, Mbodju müdafiənin mərkəzinə çək, evimizi yıxma».

Regekampfı gətirəndə, ona bəh-bəhlə təqdimat keçirəndə, klubun prezidenti Kamran Quliyev, idman direktoru Zaur Əzizov nə söyləyirdi, yəqin yadınızdadır.

İddia edirdilər ki, o, «Neftçi»nin əbədi futbol fəlsəfəsinə bab gələn, xoşbəxtliyi rəqib qapısında axtaran məşqçidir, hücum oyunu oynatmağı sevir, nə bilim nə, falan-filan, cart-curt.

Hələ başqa vədlər də vermiş, basıb-bağlamışdılar. Larnaka şəhərində gördüklərimiz və izlədiklərimiz bütün bunların blef olmasını təsdiqlədi.

Düzdür, bir oyun baş məşqçiyə, komandaya qiymət vermək mənasında yetərsizdir, sadəcə, sərgilənən futbol iynə ucu boyda ümid yaratmır. Bax, mənə pis təsir edən, qol-qanadımı qıran da budur elə.

«Aris» orta səviyyədən də aşağı Avropa təmsilçisidir. Cənubi Kiprin futbol ailəsinin ikinci-üçünücü dərəcəli üzvü də deyil. «Neftçi»dən cürətli və cəsarətli imişlər demə.

Regekampfın küstah oyun və oyunçu seçimi «Aris»i o qədər ürəkləndirdi, o qədər inamlı etdi ki…

Birinci hissədə dirəkdən dönən top, qapı önündə yaxalanan boş mövqelər ev sahiblərinin özünəinamını xeyli yüksəltdi. Əmin oldular ki, fasilədən sonra təzyiqi bir qədər artırsalar, «Neftçi»nin «axil dabanı» daha tez gözə dəyəcək, tablodakı rəqəmləri «dilləndirəcəklər».

Regekampf «Aris»li həmkarının bu niyyətini hiss etmişdisə belə, gedişata müdaxilə imkanını boşa verdi, düzəni dəyişməyə cəhd də göstərmədi. Heç qımıldanmadı adam. Ağzına su alıb dayandı, axır dəqiqəyə kimi gözlərini döyə-döyə qaldı.

«Neftçi»ni bu cür çarəsiz, əlacsız, A planı olmadan görmək üzücüdür, dəhşətdir. 90 dəqiqə ərzində bir normal hücum və ya əks-hücum qurulmadı.

Topu hara gəldi vurmaq, iki-üç ötürmədən sonra dayanmaq, oyunun şəklini dəyişməkdən imtina: bunlar Regekampfın taktiki baxışları haqda yaradılan süni mifi dağıtdı.

Heç şübhə eləmirəm ki, ən stajlı və qocaman azarkeşləri də «Neftçi»nin sonuncu dəfə nə vaxt belə kasıb və bədbəxt futbol oynadığını xatırlamağa çətinlik çəkər. Samir Abasovun atılan dırnağını axtarmaq lazım gələcək hər halda.

Rumıniyanın maqazin qəzetlərinin, şou tipli saytlarının vazkeçilməz siması sayılan, daim manşetləri bəzəmiş Regekampf son 11 ildə 16 klub dəyişib.

«Neftçi» ilə 2 illik müqavilə bağlasa da, belə oyunla iki aydan artıq burada qalmaz. 60-cı dəqiqədən sonra meydanda ayaq sürüyən, ixtiyarları olsa, hakimlərdən beş dəqiqədən bir «su fasiləsi» elan etmələrini istəyəcək qədər gücsüz görünən futbolçulara, görəsən, o, Boluda nə məşq verib?

Bir aydır komandanı mətbuatdan, azarkeşlərdən gizlətmək. Publikadan uzaq tutmaq hansı marağa, hansı niyyətə xidmət edirdi?

Komandanın pis gündə olmasını bilirdisə, niyə oyundan öncə 180 dərəcə fərqli açıqlamalar verirdi? Kimin başının altına balınc uzadırdı «kefqom» danışmaqla?

Hə, gərək bunu da xatırladaq: Bakıda 0:2 hesablı məğlubiyyətin layiqli revanşı alınmasa, Zaur Əzizovun transfer əməliyyatlarından hələ çox danışmalı olacağıq ondan sonra…

Larnaka səfəri bu yay gətirilən legionerlər «Neftçi»ni gücləndirməməsi, daha da zəiflətməsinə dair qənaət formalaşdırdı. Kaş yanılaq. Bunu sübut etmək isə bizə düşməz. Gələn həftə «ya davam, ya tamam» həftəsi olacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!