"Neftçi”nin oyunu “Bakının daimi sakini”nin nəzarətində - QALMAQALLI ADA DİQQƏT!

21 İyul 2022 20:20 Neftçi 1 354
"Neftçi”nin oyunu “Bakının daimi sakini”nin nəzarətində - QALMAQALLI ADA DİQQƏT!

Bu gün “Neftçi” Konfrans Liqasının ilkin mərhələsində səfərdə “Aris”in qonağı olacaq.

UEFA “ağ-qaralar”ın Kipr təmsilçisi ilə görüşünü təcrübəli hakimə həvalə edib.

Meydanda əsas söz sahibi xorvatiyalı İvan Bebek olacaq. Yan xətdə ona Qoran Pataki ilə Luka Payiç yardım edəcək. Dördüncü hakim funksiyası Dario Belə həvalə olunub.

Əlbəttə, səfər qarşılaşmalarında hakim idarəçiliyi olduqca önəmlidir. Referilərin böyük əksəriyyətinin meydan sahibi komandaya cüzi simpatiya bəslədiyini nəzərə alsaq, “Neftçi”ni asan sınaq gözləmədiyini düşünə bilərik.

Amma yox...

Bebeki “Bakının daimi sakini” və ya “azərbaycanlıların dostu” adlandıra bilərik.

Bu ilin mayında 45 yaşını tamamlamış ədalət təmsilçisi 2003-cü ildən FİFA referisi statusunu daşıyır. Çiyinlərində illərin təcrübəsini gəzdirən fit sahibi bu müddətdə 72 avrokubok matçına təyinat alıb ki, bizimkilərlə yolu 3 dəfə kəsişib və bütün hallarda Bakıya səfər edib.

İlk səfəri 2005-ci ilin yayına, məhz “Neftçi”nin oyununa təsadüf edib. Bakılılar Çempionlar Liqasının təsnifat mərhələsində “Hafnarfyordur”u qəbul edəndə, meydanda yaşananlara Bebek nəzarət edib.

Azərbaycan çempionu Aqil Məmmədov və Tomislav Mişuranın qolları ilə 2:0 hesablı qələbəyə sevinib.

Bakıya növbəti səfərində yolu bu dəfə “Qəbələ” ilə kəsişib. 2015-ci ilin oktyabrında bölgə təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşanda İvan oyunun baş hakimi olub. “

Bakcell Arena”da Pyer Obameyanqın het-trik etdiyi görüşdə Baqali Dabonun 90-cu dəqiqədə vurduğu qol qəbəlilərə məğlubiyyətdən qaçmağa kifayət etməmişdi – 1:3.

Bebek növbəti ilin payızında yenə Azərbaycana səfər edib. Lakin bu dəfə “Qarabağ”ın oyunu üçün.

Ağdamlılar Avropa Liqasının təsnifat mərhələsində Respublika stadionunda “Fiorentina”nı qonaq edəndə xorvat referi futbolçuları meydana çıxaran şəxs olub və Elvin Yunuszadəyə qırmızı vərəqə göstərməklə yadda qalıb.

Azərbaycan təmsilçisi məğlub olsa da, Bebekin fit çaldığı görüşdə növbəti dəfə meydanı qolsuz tərk etməyib – 1:2.

Xorvatiyalı hakim 2003-cü ildən bu yana 31 dəfə millilərin oyunlarına baş hakim kimi təyinat alıb. Və 2 halda yolu bizimkilərlə kəsişib. Həm də Bakıda.

Ölkəmizin əsas futbol yığması 2007-ci ilin oktyabrında Respublika stadionunda Portuqaliya seçməsini qəbul edəndə Bebek meydanda yaşananlara nəzarət edib.

AÇ-2008-in seçmə mərhləsi çərçivəsində baş tutan görüşdə güclü rəqib bizimkilər üzərində 2:0 hesablı qələbəyə sevinib ki, hakim Aslan Kərimovu Kriştiano Ronaldonu vurduğuna görə 29-cu dəqiqədə meydandan qovub.

İvan Bakıya 5-ci, yəni sonuncu səfərini 2018-ci ildə edib. Azərbaycan millisinin “sükanı” arxasında Qurban Qurbanov dayananda bizimkilər Millətlər Liqası çərçivəsində Maltanı qəbul edib. Bakı Olimpiya stadionunda keçirilən görüş 1:1 hesablı bərabəriklə başa çatıb.

Gördüyünüz kimi, Azərbaycan komandaları və millisi bu hakimin idarəçiliyi ilə 5 oyunun həyəcanını hiss edib. 3 halda qələbə güclü rəqiblərin olubsa, 1 dəfə heç-heçə qeydə alınıb. 1 oyunda qələbəmiz var ki, o da “Neftçi“nin hesabındadır.

İşin maraqlı tərəfi İvanın fit çaldığı oyunlarda bizimkilərin qol vurmasıdır. 5 görüşdən 4-də rəqib qapısına yol tapa bilmişik.

Ümid edək ki, Bebekin ayağı bu dəfə “Neftçi” üçün düşərli olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!