Avropa Konfrans Liqasındakı təmsilçilərimizdən yalnız “Zirə” ilk görüşünü doğma meydanda keçirəcək.
“Neftçi”ylə “Qəbələ”dən fərqli, qəsəbə təmsilçisi “Makkabi”ni (Təl-Əviv) Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
Ev oyunu olduğunu nəzərə alsaq, zirəlilər azarkeş üstünlüyündən mütləq yararlanmalıdır. Lakin klubun azarkeşlərinin böyük kütlədən ibarət olmaması, üstəgəl, həmin gün digər iki komandamızın da oynaması işi çətinləşdirir.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanı hansı sayda azarkeşin dəstəkləyəcəyini dəqiq deyə bilmərik.
İndi deyə biləcəyimiz “Makkabi” üçün Bakıya hansı sayda israilli futbolsevərin gəlməsidir. Əldə etdiyimiz bilgiyə görə, klub rəsmiləri meydan sahiblərinə qonaqlar üçün ayrılmış sektora 20 biletin ayrılmasını xahiş edib.
Bu, maksimum saydır. Yəni “Dalğa Arena”da ən yaxşı halda bu qədər “Makkabi” fanatı olacaq. Təbii ki, ölkəmizdə yaşayan və işləyən İsrail vətəndaşları bu siyahıya aid deyil.
“Zirə” – “Makkabi” qarşılaşması iyulun 21-i, saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

