«Neftçi»nin uzun sürən axtarışdan sonra istədiyi hücumçunu Belarusda tapmasını dünən oxucularımıza xəbər vermişdik.
Tibbi baxışdan uğurla keçən Yeqor Boqomolski ilə anlaşma artıq əldə olunub.
Onunla uzunmüddətli müqavilə (3+1) nəzərdə tutulub.
Boqomolski Belarus yığmasının üzvüdür, 22 yaşı var. Bu ildən ölkənin əsas millisinə dəvət alan forvard artıq 2 oyunda meydana çıxıb.
Onlardan biri UEFA Millətlər Liqası çərçivəsində Azərbaycana qarşı təsadüf edib. Bakıdakı görüşün (2:0) ikinci hissəsində forma şansı qazanıb.
Gənc ön xətt oyunçusu «Neftçi»yə «Minsk»dən gəlib. Minsk «Dinamo»sunun yetirməsi Belarusun flaqman klubunun heyətində 7 dəfə meydan alıb. 2019-2020-ci illərdə Brest «Dinamo»sunda keçirib.
Növbəti 2 ili də «Rux»a sərf edib. 2021-ci ildə «Minsk»ə üz tutan forvard üst-üstə 43 oyuna çıxıb, 14 qol vurub.
Samir Abasovu baş məşqçi postunda Lorentsiu Regekampfla əvəzləyən «Neftçi» bu yay Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail) və Solomon Kvirkveliyanı (“Qaqra”, Gürcüstan) transfer edib.
Boqomolski bu yay yeni gələnlər arasında ən ucuz keçidə imza atan legionerdir. Onun buradakı aylıq qazancı 10 min dollardan da aşağı olacaq.
SPORTİNFO.AZ

