«Neftçi» uzun müddətdir axtardığı yeni hücumçunu tapıb.
Bu barədə paytaxt klubundan Sportinfo.az-a bildirilib.
Redaksiyamıza verilən məlumata görə, Yeqor Boqomolski komandaya dəvət olunub. O, tibbi baxışdan keçmək üçün Türkiyəyə yollanıb.
Boqomolski Belarus yığmasının üzvüdür, 22 yaşı var. Bu ildən ölkənin əsas millisinə dəvət alan forvard artıq 2 oyunda meydana çıxıb.
Gənc ön xətt oyunçusu «Neftçi»yə «Minsk»dən gəlib. Minsk «Dinamo»sunun yetirməsi Belarusun flaqman klubunun heyətində 7 dəfə meydan alıb. 2019-2020-ci illərdə Brest «Dinamo»sunda keçirib.
Növbəti 2 ili də «Rux»a sərf edib. 2021-ci ildə «Minsk»ə üz tutan forvard üst-üstə 43 oyuna çıxıb, 14 qol vurub.
Samir Abasovu baş məşqçi postunda Lorentsiu Regekampfla əvəzləyən «Neftçi» bu yay Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail) və Solomon Kvirkveliyanı (“Qaqra”, Gürcüstan) transfer edib.

