Rəhbər, məşqçi və heyət dəyişikliyinə məruz qalan “Şamaxı” transfer çalışmalarına start verib.
İyunun ilk günündən bir araya gələn bölgə təmsilçisi məşqlərini Cavid Hüseynovun rəhbərliyi altında davam etdirir.
Baxmayaraq ki, rəsmi sənədlərdə baş məşqçi kimi Vüqar Əsgərlinin ad-soyadı göstərilir.
“Şamaxı”da açıq qapı elan olunub. Klubsuz qalan, futboldan küsən, futbolu atmaq fikrinə düşənlərin çoxu gələcəyini qırmızı formada görmək istəyir.
Düşərgədə olanların bir çoxunun gələcək aqibəti qeyri-müəyyəndir. Özlərini məşqçilər heyətinə göstərmək istəyirlər. Buna baxmayaraq, Cavid Hüseynovun etimadını qazanmış bir neçə ad artıq dəqiqləşib.
Ötən il “Neftçi-2”nin sıralarında olmuş Samir Qurbanov karyerasını məhz “Şamaxı”da davam etdirəcək.
“Qəbələ”nin Futbol Akademiyasında yetişən, vaxtilə “Viktoriya Jijkov”un sıralarında olan 21 yaşlı yarımmüdafiəçi bölgə təmsilçisi ilə 2 illik anlaşma imzalayacaq.
Digər “Neftçi”li – Asim Əlizadəni də “Şamaxı”nın futbolçusu hesab etmək olar.
Bu ilin əvvəlini Litva “Dauqavpils”ində keçirən texnikalı futbolçu karyerasını Cavid Hüseynovun rəhbərliyi altında davam etdirəcək. “Neftçi” onu 1 illik icarəyə verəcək.
HƏBİB / SPORTİNFO.AZ

